İKT sektorunun rəqabətqabiliyyətliliyinin formalaşması problemləri və inkişaf istiqamətləri müzakirə olunub

26 Aprel 2019 - 13:23 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 8 saylı şöbənin növbəti elmi seminarı keçirilib. Seminarı giriş sözü ilə açan şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev yeni iqtisadi şəraitdə İKT sferasında rəqabətin və rəqabət mübarizəsinin iqtisadi mahiyyəti, məzmunu və xüsusiyyətləri barədə ətraflı məlumat verib. O, vurğulayıb ki, rəqabət İKT sferasında iqtisadi inkişafın, məhsulun, xidmətin keyfiyyətinin yüksəlməsinin, elmi texniki tərəqqinin sürətlənməsinin, istehsal xərclərinin və qiymətin aşağı enməsinin güclü stimuludur.

Ə.Əliyev rəqabətlilikdə inhisarçılıq fəaliyyətindən danışaraq diqqətə çatdırıb ki, inhisarçılıq fəaliyyəti təsərrüfat subyektlərinin, yaxud icra hakimiyyəti və idarəetmə orqanlarının rəqabətə yol verməməyə, onu məhdudlaşdırmağa, yaxud aradan qaldırmağa yönəldilmiş fəaliyyətidir. Bazarda payı 35 faizdən çox olan təsərrüfat subyekti hökmran mövqe tutan hesab olunur.

Daha sonra şöbənin əməkdaşı Leyla Əkbərova çıxış edərək qeyd edib ki, İKT sferasında inkişafın davamlılığının təmin edilməsi üçün həmin sektorun qlobal iqtisadiyyatda meydana gələn yeni çağırışlara uyğunlaşdırılması istiqamətində islahatların aparılması, telekommunikasiya bazarının liberallaşdırılması, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi sağlam rəqabət mühitinin formalaşdırılması zəruri amillərdir.

Sonda Ə.Əliyev əldə olunan yekun nəticələri diqqətə çatdırıb. Qeyd etdi ki, respublikada qeyri-neft sektorunun inkişafında, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasının təmin edilməsində İKT sektoru xüsusi əhəmiyyətə malikdir. İKT-nin ÜDM-ə təsirinin təhlili üzrə alınmış nəticələr gəstərir ki, İKT ilə ÜDM arasında, ÜDM ilə qeyri-neft ÜDM-i arasında da müsbət sıx korrelyasiya-reqressiya əlaqələri mövcuddur. İKT sektorunun gəlirlərinin artımı ÜDM-in artımına birbaşa təsir edir. İKT sektorunun gəlirlərinin artması ÜDM-in həcmini artırır. O, qeyri-neft sahəsində ÜDM-nin artımına da İKT-nin müsbət təsir etdiyini vurğulayıb. Bu isə İKT-nin sektorununun gəlirlərinin gələcəkdə ÜDM-in artımı üçün daha geniş imkanlar yaratmasına şərait yaradır.

O, vurğulayıb ki, Qlobal Rəqabətlilik İndeksi üzrə 2018-ci ildə Azərbaycan dünyanın 140 ölkəsi arasında 69-cu yerdə qərarlaşıb. Eyni zamanda həmin indeksə təsir edən digər subindekslər və indikatorlar haqqında məlumat verdi. Ölkəmiz 2000-2016-cı illər üzrə İKT məhsullarının ümumi ticarət dövriyyəsindəki payına görə Müstəqil Dövlətlər Birliyi üzvləri arasında ilk sıralarda yer tutur. 

Ə.Əliyev İKT-nin inkişaf dinamikasından danışarkən diqqətə çatdırıb ki, 2016 və 2017-ci illər üzrə İDİ reytinq və dəyərlərə görə sıralamada ölkəmizin adı MDB məkanında beşincidir.

Seminarda 3 saylı şöbənin müdiri Təhmasib Fətəliyev, 9 saylı şöbənin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov, 17 saylı şöbənin baş mütəxəssisi texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova və digərləri iştirak edərək müzakirə olunan problemin perspektiv inkişaf istiqamətləri haqqında rəy və təkliflərini bildiriblər.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.