Bakı Musiqi Akademiyasında LOLA audiovizual sisteminin sınaqları keçirildi

19 Aprel 2019 - 09:00 | Mühüm hadisələr

Məlum olduğu kimi, 22 iyun 2018-ci il tarixində AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiya olunmasında GEANT şəbəkəsinin rolu” mövzusunda toplantı keçirilmişdir. Toplantının yekun qərarlarından biri GEANT (Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyası) Assosiasiyasının Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən EaPConnect (Eastern Partnership Connect) layihəsi çərçivəsində reallaşdırılan, uzaq məsafədən insanların bir-biri ilə əlaqə yaratmasına imkan verən və sərhədsiz musiqi imkanları təqdim edən LOLA (LOw LAtency – aşağı gecikməli) audiovizual yayım sisteminin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) quraşdırılması olmuşdur.

Bu qərardan irəli gələn vəzifələrin icrası məqsədilə aprelin 18-də AMEA İnformasiya Texnologiyaları İnstitutunun dəstəyi ilə BMA-da quraşdırılmış LOLA audiovizual yayım sistemi sınaq rejimində nümayiş olundu.

Tədbirdə BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli, akademiyanın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Yeganə Axundova, mühəndis Azər Əsgərov, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev, institutun 4 saylı şöbəsinin baş mütəxəssisləri Tural Mustafayev və Oqtay Ələkbərov, eləcə də sistemin BMU-da quraşdırılmasına məsul olan Estoniyalı nümayəndələr iştirak edirdi.

Sınaqlar zamanı məsafədən idarə olunan texnologiyaya əsaslanan LOLA sistemi vasitəsilə Estoniyada quraşdırılmış sistemlə onlayn bağlantı yaradılaraq bu texnologiyanın musiqi ifası ilə nümayişi həyata keçirildi.

Qeyd olundu ki, LOLA layihəsi real zamanda musiqi nümayişlərini təmin etmək məqsədi daşıyır və fiziki olaraq bir-birilərindən uzaq məsafədə olan ifaçı və musiqiçiləri qabaqcıl şəbəkə xidmətləri vasitəsilə onlayn bağlantı ilə bir araya gətirir. Bildirildi ki, bu texnologiya müxtəlif coğrafi ərazilərdə yerləşən tədbirlərdə (konsertlər, master-klasslar, tədris və s.) iştirakı zəruri olan ifaçı və musiqiçilərin böyük zaman itkisinə səbəb olan səyahətlərinin onların həmin tədbirlərə onlayn bağlantı vasitəsilə qoşulması ilə əvəzlənməsinə xidmət edir.

R.Ələkbərov Azərbaycan musiqi irsinin, bəstəkarlarımızın əsərlərinin, xalq musiqisi nümunələrinin dünyada təbliği və dünyəvi dəyərlərin paylaşılması baxımından böyük imkanlara malik olan bu audiovizual sistemin BMA-da tətbiqinin müsbət nəticələr verəcəyinə əminliyini ifadə etdi. Hazırda dünya üzrə 100-dən çox təşkilatının LOLA texnologiyasından istifadə etdiyini diqqətə çatdıran R.Ələkbərov İnformasiya Texnologiyaları İnstitutunun dəstəyi ilə BMA-da quraşdırılmış texnologiya vasitəsilə bu institutlarla əlaqə yaratmaqla birgə musiqi dərsləri, mühazirələr və konsertlər həyata keçirə biləcəyini bildirdi.

Qeyd edək ki, bu yaxınlarda BMA-da sınaqları aparılan sistemin açılış mərasiminin keçirilməsi nəzərdə tutulur.

Tədbirdən sonra Estoniyalı nümayəndələr AMEA İnformasiya Texnologiyaları İnstitutunda oldular. Qonaqlara institutun AzScienceNet elm kompüter şəbəkəsi və onun Data Mərkəzinin imkanları barədə məlumat verildi. Həmçinin LOLA sisteminin gələcəkdə İnformasiya Texnologiyaları İnstitutunda da quraşdırılması istiqamətində müzakirələr aparıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.