İterativ Klasterləşdirmə alqoritmləri tədqiq edilir

12 Aprel 2019 - 12:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 13 saylı şöbənin növbəti elmi seminarı keçirildi.

İnstitutun doktorantı Şəlalə Mansurova “İterativ Klasterləşdirmə alqoritmləri” mövzusunda məruzəni təqdim etdi.

Məruzəçi klasterləşdirmə alqoritmləri və onun növləri (“Partitioning”, “Grid-based”, “Density-based” və s.), eləcə də klasterləşdirmə alqoritmlərinin bir növü kimi İterativ Klasterləşdirmə alqoritmləri haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, İterativ Klasterləşdirmə alqoritmləri bir neçə iterasiyadan ibarət olub nəticələrin yaxşılaşdırılması üçün tətbiq edilir. O, İterativ Klasterləşdirmə alqoritmlərinin “IK-means-+”, “The Simple Linear Iterative Clustering (SLIC)”, “MapReduce” alqoritmləri kimi növlərinin olduğunu vurğuladı.

Ş.Mansurova bildirdi ki, “IK-means-+” alqoritmi k-means alqoritminin modifikasiyası olub “minus” və “plus” fazasının tətbiqi vasitəsilə klasterizasiyanın nəticəsinin yaxşılaşdırılmasına yönəldilib: “Alqoritmin icrası zamanı klasterlərdən biri silinmə, digəri isə bölünmə üçün təyin edilir. Qeyd etmək lazımdır ki, bir iterasiyada silinmə və bölünmə üçün təyin edilən klasterlər növbəti iterasiyada yenidən istifadə edilə bilməz”.

Daha sonra o, “SLIC” alqoritmi barədə məlumat verərək qeyd etdi ki, bu alqoritm həm təsvirlərin analiz alqoritmi, həm də dərin təlim metodları məzmununda istifadə edilir. Məruzəçinin sözlərinə görə, təsvirlərin analizi zamanı superpiksellərin yaradılması üçün istifadə edilən ən məşhur alqoritmlərdən biri hesab olunan “SLIC” 3 mərhələdən ibarətdir. Bu alqoritm k-means alqoritminin xüsusiləşdirilmiş, eləcə də optimallaşdırılmış modifikasiyası kimi nəzərdən keçirilir.

Ş.Mansurova “MapReduce” alqoritmi haqqında məlumat verdi. Bildirdi ki, qeyd edilən alqoritmin “Map”, “Combiner”, “Partition”, “Reduce” kimi funksiyalarının tətbiqi nəticəsində “key/value” cütləri təyin edilərək klasterizasiya həyata keçirilir. O, həmçinin qeyd etdi ki, “MapReduce” alqoritminin k-means ilə müxtəlif modifikasiya edilmiş variantları da mövcuddur.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev mövzu ilə bağlı fikirlərini səsləndirdi. Şöbə müdiri bu istiqamətdə aparılan tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.