AMEA İnformasiya Texnologiyaları İnstitutunda 16 saylı şöbənin növbəti elmi seminarı keçirildi. “Milli terminoloji informasiya mühitində OLAP-texnologiyanın istifadəsilə qərarların qəbulunu dəstəkləyən sistemin işlənilməsi” adlı məruzəni şöbənin baş mütəxəssisi Əfruz Qurbanova təqdim etdi. O, verilənlərin interaktiv analitik emalı texnologiyası (ing. Online Analytical Processing, OLAP) və verilənlər anbarı (VA) texnologiyaları əsasında işlənilən qərarların qəbulunu dəstəkləyən sistemin (QQDS) Milli Terminoloji İnformasiya Sistemi ilə (MTİS) inteqrasiyası, eləcə də MTİS-də OLAP-kubun verilənlərinin analizi haqqında məlumat verdi. Bildirdi ki, sadalanan məsələlərin həlli məqsədilə qərar qəbul edən şəxsə (QQŞ) kömək edən, verilən sahədə analitik fəaliyyətin təkmilləşdirilməsinə imkan verən OLAP və VA əsasında işlənilən qərarların qəbulunu dəstəkləyən sistem təklif olunur.
Məruzəçi, MTİS-in terminoloji lüğətlər fondu, terminoloji verilənlər bazası (TVB) və ehtiyat yaddaş sistemi kimi üç seqmentdən ibarət olan terminoloji reyestr funksional altsistemindən və onun funksiyalarından bəhs etdi: “MTİS açıq sistemdir, TVB isə daimi olaraq müxtəlif mənbələrdən doldurulur. TVB-nin tərkibindəki dəyişiklik elektron lüğətlərdə dəyişiklikləri zəruri edir. Bu isə OLAP və VA texnologiyalarının tətbiqi ilə mümkün olur. Onların köməyilə VA-dan ayrılan verilənlər bazası əsasında real zamanda avtomatlaşdırılmış rejimdə lüğətlər formalaşır.”
Ə.Qurbanova VA əsasında qurulan OLAP-kubu təqdim edərək onun istənilən sayda ölçüyə malik olduğunu, analizin aparılması üçün isə “tarix”, “fəaliyyət sahəsi” və “dil” ölçülərinin seçildiyini vurğuladı.
O, QQDS-də ilkin və aqreqasiya olunan verilənlərin relyasiya və ya çoxölçülü verilənlər bazalarında saxlanıla biləcəyini, fiziki səviyyədə verilənlərin saxlanılması üçün çoxölçülü – MOLAP, relyasiya – ROLAP və hibrid – HOLAP modellərinin tətbiq olunduğunu qeyd etdi.
Məruzəçi milli terminoloji informasiya sisteminin yaradılmasının ölkədə terminologiyanın inkişafında mühüm addım olduğunu diqqətə çatdırdı. O, təklif edilən OLAP və VA texnologiyaları əsasında işlənilən QQDS MTİS-i daha təkmil və dayanıqlı edəcəyini, QQŞ-ə əhəmiyyətli dəstək göstərəcəyini, eləcə də terminologiya sahəsində analitik fəaliyyəti təkmilləşdirməyə imkan verəcəyini, bu sahədə elmi tədqiqatların aparılmasında mühüm rol oynayacağını bildirdi.
Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.