Düşüncənin gücü ilə idarə olunan dron

11 Mart 2019 - 12:56 | Texnoloji yeniliklər
Düşüncənin gücü ilə idarə olunan dron

“Udrone” startapı insan və maşının əlaqəsi üçün neyrointerfeyslərin, gələcək idarəetmə sistemlərinin necə olacağı barədə təsəvvürün yaranmasına imkan verir. Belə ki, startap çərçivəsində düşüncənin gücü ilə idarə olunan kvadrokopter və “EEGSmart” qarnituru hazırlanıb. Yüngül qurğu qoruyucu çərçivələrlə təchiz edilib, bir dəfə enerji ilə doldurulduqdan sonra maksimum 8 dəqiqə uçur və 8 meqapiksel təsvir ölçüsünə malik kiçik kameranı qaldıra bilir.

techcult.ru saytının məlumatına görə, “EEGSmart” qulaqlıq kimi görünsə də, onu alına taxmaq lazımdır. Qurğunun daxilində elektroensefaloqrafiya, elektromioqrafiya sensorları, hiroskop və sürətləndirici sensorlar, həmçinin məxfi neyrosiqnal gücləndirici mexanizmi yerləşdirilib. Qarniturun vəzifəsi operatorun başının vəziyyətini izləmək və onun dron üzərində fikrini cəmləməsinə nəzarət etməkdir.

Bütün əmrlər baş hərəkətləri ilə verilir və adi radiosiqnal vasitəsilə ötürülür, lakin dron daim diqqət obyekti olmalıdır. Proqramda fikrin cəmlənməsi ilə bağlı məşqlər var. Operator gözlərini qırparaq, dronun kamerasını idarə edir, çənə hərəkətləri hündürlük və enməni tənzimləyir.

“Udrone” və “EEGSmart” qurğularını sınaqdan keçirənlər gələcəkdə məhz belə texnologiyaların üstünlük təşkil edəcəyini bildirirlər. Dron və qarnitur dəsti ABŞ-da mart ayında 279 dollara satışa çıxarılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.