AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarının növbəti iclasında müasir İKT yeniliklərinə dair məruzə dinlənildi. Yeni texnoloji məhsullar haqqında məlumat verən Orxan Mehdiyev öncə avtomobillərə quraşdırılan “ağıllı” təhlükəsizlik sistemi “Caruzzo” barədə danışdı. Bildirdi ki, cihaz mobil qurğulara qoşularaq avtomobil barədəki yeniliklər ilə onun sahibini məlumatlandırır. Bundan əlavə, avtomobilə dəyən mexaniki ziyan ilə bağlı məlumatlar ötürücü vasitəsilə telefona xəbərdarlıq siqnalı kimi çatır.
O.Mehdiyev “Muzo” səs qurğusunun funksiyalarından bəhs edərək qeyd etdi ki, bu qurğu müxtəlif səsləri monoton səsə çevirir və səs boğucu funksiyasını həyata keçirir. Qurğu telefon ilə idarə oluna bilmək imkanına malikdir.
Sonra məruzəçi “ağıllı” qıfıl barədə danışaraq bildirdi ki, qıfıl barkod skaneri ilə təchiz edilib: “BoxLock” barkoddan informasiyanı oxuduqdan sonra qıfıl avtomatik açılır və bu qıfıllar telefonla idarə oluna bilir”.
O, həmçinin sensor ekranlı tam funksiyalı “ağıllı” güzgünün üstünlüklərini diqqətə çatdırdı. Onun sözlərinə görə, cihazın üzərində tarix və saat, hava vidcetləri, sosial şəbəkələrə giriş, eləcə də müxtəlif əlavələri açmaq imkanı da mövcuddur. Eyni zamanda, 45 saniyə keçdikdən sonra cihaz toxunulmaz qaldıqda yenidən güzgüyə çevrilir.
“Ağıllı” termoslardan söz açan məruzəçi bildirdi ki, qapaq qismində LCD ekran quraşdırılmış termos 1 dəqiqə ərzində suyu istənilən temperatura çatdıra bilir. Termos həmçinin, 24 saat istilik saxlama xüsusiyyətinə də malikdir.
Məruzəçi yemək çap edən 3D-printer haqqında da məlumat verdi. Onun sözlərinə görə, printer yeməyi tozaoxşar inqrediyentlərdən çap edir. Qidanın hazırlanması zamanı printerdə temperatur toz məsaməli nazik pərdə vasitəsilə artır və ondan üçölçülü məhsul əldə olunur. O.Mehdiyev qeyd etdi ki, printerdəki hər nazik pərdə piy, zülal, karbohidrat, mikroelement və vitamin kimi maddələrdən ibarətdir.
Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.