AMEA İnformasiya Texnologiyaları İnstitutunda 8 saylı şöbənin “Cəmiyyətin və iqtisadiyyatın inklüziv inkişafı problemlərinin araşdırılması” mövzusuna həsr olunmuş elmi seminarı keçirildi. Məruzəni təqdim edən şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev son dövrlərdə Azərbaycanda həyata keçirilən sosial xarakterli islahatların inqilabi xarakterini qeyd etdi. Bu istiqamətdə iqtisadiyyatda yeni inkişaf meylləri və istiqamətləri, cəmiyyətin və iqtisadiyyatın inkişafının inklüzivliyi, inklüziv cəmiyyətin və iqtisadiyyatın formalaşması səviyyəsinin regional-sektorial qiymətləndirilməsi məsələləri, Azərbaycanda inkişafın inklüzivliyinin beynəlxalq qiymətləndirilməsi, eləcə də inklüzivlik səviyyəsinin yüksəldilməsində İKT-nin rolu haqqında ətraflı məlumat verdi.
İqtisadiyyatda yeni inkişaf meylləri və istiqamətlərindən danışan məruzəçi iqtisadiyyatın əsas sektorlarının İKT-nin inkişafı ilə daha da təkmilləşdiyini bildirdi. Qeyd etdi ki, Azərbaycan iqtisadiyyatında İKT, bilik tutumlu istehsal sferaları və digər elmi-texniki sahələr inkişaf edərək respublikada informasiya cəmiyyətinin və bilik iqtisadiyyatının formalaşmasına zəmin yaradır. Bu isə, cəmiyyətin sosial-iqtisadi həyatının bütün sahələrinin dinamik və davamlı inkişafının təmin olunmasında böyük əhəmiyyət kəsb edir.
Ölkəmizdə milli innovasiya sisteminin yaradılmasının zəruriliyini bildirən Ə.Əliyev bu sistem vasitəsilə dünya bilik mənbələrinə çıxış imkanının yaradılması, yeni biliklərin adaptasiyası, biliklərin praktiki tətbiqi və s. mümkün olduğunu diqqətə çatdırdı.
Məruzəçinin sözlərinə görə, cəmiyyətin və iqtisadiyyatın inkişafının inklüzivliyinin təmin olunması cəmiyyət üzvlərinin, xüsusilə müəyyən fiziki qüsuru olan şəxslərin işləmək, təhsil almaq, fəaliyyət göstərmək, cəmiyyətə inteqrasiya olunmaq, idarəetmə proseslərində iştirak, özünü müdafiə etmək və s. imkanların təqdim olunmasını nəzərdə tutur. O, milli inklüzivliyin ümumdövlət və ya makro səviyyədə, regional və ya ayrı-ayrı şəhər və rayonlarda, sahələrarası və ya sahələrdə, mikro və ya müəssisələr, istehsal səviyyəsində, evlərdə, özəl sektorda, qeyri-dövlət və dövlət idarəetməsi səviyyələri üzrə qiymətləndirildiyini vurğuladı.
Şöbə müdiri, həmçinin inklüziv inkişaf indekslərindən bəhs etdi, “Artım və İnkişaf” indeksi, İnklüzivlik” indeks-indikatoru və “Dayanıqlılıq” indikatoru barədə danışdı. Məruzəçi qeyd etdi ki, Dünya İqtisadi Forumunun (DİF) hazırladığı “İnklüziv İnkişaf İndeksi 2018” hesabatında nüfuzlu indeks sayılan “İnklüziv İnkişaf İndeksi”nə görə Azərbaycan ən yaxşı inkişaf etməkdə olan ölkələr sırasında üçüncü, MDB məkanında isə birinci yerdə qərarlaşıb: “Hesabatın təhlili göstərir ki, Azərbaycanın müxtəlif indikatorlar üzrə mövqeyi bir sıra Avropa ölkələrindən və bütün MDB-dən daha yüksəkdir. İnklüziv indekslər üzrə aparılan təhlillər həm beynəlxalq, həm də ölkə səviyyəsində cəmiyyətin və iqtisadiyyatın inklüzivliyini bir daha təsdiqləyir”.
Sonda Ə.Əliyev bildirdi ki, müasir dövrün cəmiyyəti və ona uyğun iqtisadiyyat inklüzivlik səviyyəsinin yüksəldilməsi istiqamətində inkişaf etdirilməlidir. İnklüzivlik səviyyəsinin tənzimlənməsi üçün regional və sektorial aspektdə qiymətləndirmələr aparılmalı və təhlillər edilməli, eləcə də müvafiq analiz indikatorları və metodikaları işlənilməlidir. İnklüzivlik səviyyəsinə təsir edən amillər kompleks şəkildə araşdırılmalıdır. Burada ,qanunvericilik aspektində inzibati mexanizmlərdən, təşkilati effektiv tədbirlərdən və müvafiq müasir proqram, aparat-texniki vasitə və texnologiyalardan kompleks şəkildə istifadə olunmalıdır.
Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.