AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev fevralın 11-də Əqli Mülkiyyət Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu” mövzusunda keçirilmiş konfransda çıxış edib.
Akademik bildirib ki, son zamanlar ölkəmizdə müasir dünyanın çağırışlarına müvafiq olaraq iqtisadiyyatın yüksək sürətli transformasiyası, informasiya cəmiyyəti və onun əsasını təşkil edən biliklər iqtisadiyyatının formalaşması yeni reallıqların meydana gəlməsinə səbəb olmuşdur.
Yeni iqtisadiyyatda innovasiyaların, yaradıcı əməyin, intellektual mülkiyyətin, informasiya məhsullarının rolunun sürətlə artdığını deyən R.Əliquliyev belə bir şəraitdə müəllif hüquqları və intellektual mülkiyyətin qorunması məsələlərinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, son dövrlər İKT-nin bir çox sahələrdə tətbiqi, İnternetin inkişafı, insanların fəaliyyətin informasiya texnologiyaları əsasında qurulması ilə biliklər iqtisadiyyatı formalaşmağa başlamışdır. Bu isə informasiya əsaslı mülkiyyət obyektlərinin dairəsinin daha da genişlənməsinə səbəb olmuşdur.
Azərbaycanda intellektual mülkiyyətin “immunitetinin artırılması” istiqamətində görülən işlərdən bəhs edən R.Əliquliyev intellektual mülkiyyətin və müəllif hüquqlarının qorunmasının təmin olunması məsələlərinin həllinə ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət yetirildiyini qeyd edib, müvafiq qurumlar qarşısında yeni vəzifələrin qoyulduğunu bildirib. Akademik bu baxımdan elmi-tədqiqat və təhsil müəssisələrində istehsal olunan biliyin intellektual mülkiyyətinin qorunmasında Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin böyük rola malik olduğunu vurğulayıb.
“İnternetin meydana gəlməsi, mətnlərin rəqəmsallaşması, nüsxələmənin asanlaşması ilə intellektual mülkiyyət hüquqları, o cümlədən müəllif hüquqlarının qorunması məsələləri daha da aktuallaşmış, plagiatlıq problemi daha da kəskinləşmişdir”, – deyə bildirən akademik qeyd edib ki, bu tendensiya tədrisin keyfiyyətinə mənfi təsir etməklə yanaşı, elmdə plagiatlıq hallarının sayının artmasına da gətirib çıxarmışdır.
R.Əliquliyev həmin problemlərin həlli istiqamətində təkliflərini səsləndirərək vurğulayıb ki, bu məqsədlə təhsil müəssisələrində intellektual mülkiyyət hüquqlarının qorunması ilə bağlı zəruri biliklər aşılanmalı, bu sahədə yüksək səviyyəli mütəxəssislər yetişdirilməli, elmi kadr hazırlığında informasiya və biliklər cəmiyyətinin tələbləri nəzərə alınmalı, alim və mütəxəssislərdə müvafiq mədəniyyətin, təfəkkürün formalaşdırılması üçün məqsədyönlü işlər görülməlidir. Həmçinin intellektual mülkiyyətin sığortalanması, dəyərinin qiymətləndirilməsi və rəqəmsal vərəsəlik hüququ mexanizmlərinin işlənilməsi istiqamətində tədbirlər həyata keçirilməlidir.
R.Əliquliyev Azərbaycan Milli Elmlər Akademiyasının görülən işlərə dəstək vermək məqsədilə intellektual mülkiyyətin qorunması üçün qiymətləndirmə mexanizmləri və modellərinin işlənilməsi istiqamətində müvafiq qurumlarla əməkdaşlıq etməyə hazır olduğunu da diqqətə çatdırıb.
Alim həmçinin əmək bazarının yenilənməsi üçün təhsil sisteminin məzmununda yeni texnologiyaların, dünya çağırışlarının tələblərinin nəzərə alınmasının zəruriliyindən danışıb, bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi, multidissiplinar ixtisaslara daha geniş yer ayrılmasının vacibliyini qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.