Çində 3D-printerdə körpü çap edilib

11 Fevral 2019 - 09:58 | Maraqlı məlumatlar
Çində 3D-printerdə körpü çap edilib

Çinin Şanxay şəhər parkında 26 metr uzunluğunda və 5 ton ağırlığında üçölçülü printerdə çap edilən ilk körpünün rəsmi açılışı olub. Kanal üzərindən qeyri-adi keçid 35 günə hazırlanıb. Mütəxəssislər sözlərinə görə, yeni arxitektura elementinin istismar müddəti 30 il təşkil edir.

news.rambler.ru saytının məlumatında bildirilir ki, betondan ibarət körpü Sinhua Universitetinin Pekin Arxitektura Məktəbinin tələbələrinin rəhbərliyi ilə ərsəyə gətirilib. Körpü robotlaşdırılmış ələ malik iki üçölçülü çap sistemindən istifadə edilməklə hazırlanan 176 beton blokdan ibarətdir. Layihə müəllifləri Çinin ən qədim Anji körpüsünün tağ formasını təkrarladıqlarına görə qürur hissi duyurlar.

Maraqlıdır ki, çap edilmiş körpünün yaradılması ənənəvi tikinti ilə müqayisədə üçdə bir dəfə ucuz başa gəlib. Dizaynerlərin sözlərinə görə, xərcləri ilk növbədə armatur və digər materiallara vəsaitin az sərf edilməsi sayəsində azaltmaq mümkün olub.

Hazırda müəlliflər əmin olmaq istəyirlər ki, layihə həm iqtisadi cəhətdən  sərfəli, həm də uzunmüddətlidir. Bu səbəbdən körpüyə vaxt ötdükcə betonun deformasiyasını izləyəcək monitorinq sistemi quraşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.