Fərdin informasiya mədəniyyətinin zamandan asılı olaraq qiymətləndirilməsi üçün tədqiqatlar aparılacaq

05 Fevral 2019 - 09:45 | Konfranslar, İclaslar

Cari ildə institutun Tədris-İnnovasiya Mərkəzində (TİM) informasiya mədəniyyətinin formalaşması problemləri üzrə fərdin informasiya mədəniyyətinin zamandan asılı olaraq qiymətləndirilməsi və fərdin informasiya mədəniyyətinin inteqral göstəricilərinin hesablanması istiqamətləri üzrə tədqiqatların aparılması nəzərdə tutulur.

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun TİM-in 2019-cu il üçün fəaliyyət planının müzakirəsində mərkəzin rəhbəri Rəsmiyyə Mahmudova məlumat verib. O, cari ildə yerinə yetiriləcək elmi-tədqiqat işlərindən danışaraq qeyd edib ki, bu il, həmçinin jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları, intellektual oyun texnologiyalarının İnformatika fənninin tədrisinə inteqrasiyasının analizi ilə bağlı tədqiqatlar aparılacaq.

R.Mahmudova bildirib ki, 2019-cu ildə qeyd olunan istiqamətlər üzrə əlin xarici əlamətlərinin təhlili əsasında jestlərin tanınması metodlarının analizi, əlin üçölçülü modelinin təhlilinə əsasən jestlərin tanınması metodlarının analizi, insanın müxtəlif emosional vəziyyətlərində onun üzündəki mimikanın analizi və sintezi məsələlərinin araşdırılması, eləcə də İKT əsasında qeyri-verbal texnologiyalar və cəmiyyətin inklüziv inkişafı ilə bağlı araşdırmaların aparılması planlaşdırılır.

Məruzəçinin sözlərinə görə, xarici ölkələrdə İnformatika fənninin tədrisi təcrübəsi, Azərbaycanda İnformatika fənni üzrə kurikulum və onun tətbiqi məsələləri araşdırılacaq, intellektual oyunların İnformatika fənninin tədrisinə inteqrasiyası üçün metodika və krossvordların İnformatika fənninin tədrisinə tətbiqi zamanı biliklərin mənimsənilməsinin qiymətləndirilməsi üçün kriteriyalar işləniləcək.

TİM-in rəhbəri mərkəzdə elmi-innovasiya fəaliyyəti çərçivəsində görüləcək işləri də diqqətə çatdırıb. Doktorant və dissertantlara “İnformatika” fənninin tədrisi və imtahanların qəbulu, distant tədris və imtahanların keçirilməsi, AMEA-nın magistratura pilləsində təhsil alan magistrlər üçün dərs və imtahanların təşkili ilə bağlı görüləcək işlər haqqında məlumat verib.

O, hər il olduğu kimi, 2019-cu ildə də ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika Olimpiadasının keçirilməsi ilə əlaqədar tədbirlərin görüləcəyini, müəssisə və təşkilatların əməkdaşları və sıravi vətəndaşlar üçün İT-kursların təşkili və sertifikatlaşdırma ilə bağlı işlərin davam etdiriləcəyini söyləyib.

R.Mahmudova cari il ərzində “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində bir sıra tədbirlərin həyata keçiriləcəyini qeyd edib. Elmin İnkişafı Fondunun “Vikipediya virtual ensiklopediyasının monitorinqi və analizi üçün metod və alqoritmlərin işlənilməsi” adlı qrant layihəsində iştirakın nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Həmçinin mərkəzin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunmuş beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, müxtəlif təyinatlı elektron nəşrlərin hazırlanması, əldə olunmuş nəticələrin KİV-də təbliği və s. ilə bağlı görüləcək işlər haqqında məlumat verib.

Sonda fəaliyyət planı ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib, mərkəzin elmi və elmi-innovasiya fəaliyyətinin daha da gücləndirilməsinə dair tapşırıqlar verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.