E-elmin formalaşmasının çoxaspektli problemləri üzrə tədqiqatlar davam etdiriləcək

28 Yanvar 2019 - 12:04 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 3 saylı şöbənin 2019-cu il üzrə fəaliyyət planı müzakirə olundu. Şöbə müdiri Təhmasib Fətəliyev çıxış edərək cari ildə şöbədə e-elmin formalaşmasının çoxaspektli problemlərinin tədqiqinin nəzərdə tutulduğunu dedi. Bildirdi ki, bu məqsədlə elmdə idarəetmə qərarlarının qəbul edilməsinə informasiya dəstəyinin təmin edilməsi üçün konseptual modelin işlənməsi, e-elm mühitində böyük həcmli verilənlər problemlərinin həlli üçün model və alqoritmlərin işlənilməsi, e-elm mühitinə kiber-fiziki sistemlərin inteqrasiyası məsələlərinin tədqiqi və vətəndaş elmi layihələrinin formalaşdırılmasının konseptual modelinin işlənməsi 2019-cu ildə planlaşdırlan tədqiqatlar sırasındadır.

T.Fətəliyev, həmçinin şöbənin elmi-innovasiya fəaliyyəti çərçivəsində görüləcək işlərdən danışdı və tədqiqat sahəsi üzrə qrant layihəsinin hazırlanması nəzərdə tutulduğunu diqqətə çatdırdı.

Beynəlxalq əməkdaşlıq münasibətlərindən söz açan məruzəçinin sözlərinə görə, Belarus Milli Elmlər Akademiyası Birləşmiş İnformatika Problemləri İnstitutu və İstanbul Haliç Universiteti ilə əməkdaşlıq çərçivəsində aparılan işlər cari ildə də davam etdiriləcək.

O, həmçinin elmi-pedaqoji və elmi təşkilati fəaliyyət, elmi-praktiki nəticələrin KİV-də təbliği çərçivəsində həyata keçiriləcək tədbirlər haqqında məlumat verdi.

Sonra şöbənin fəaliyyət planına dair müzakirələr aparıldı. AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək illik plan üzrə irad və təkliflərin nəzərə alınmasını tövsiyə etdi, vətəndaş elmində inklüzivlik problemlərinin tədqiqinin əhəmiyyətini qeyd etdi. Həmçinin şöbənin elmi fəaliyyətinin gücləndirilməsinin və kadr potensialının artırılmasının vacibliyini vurğuladı.

Sonda Elmi şuranın qərarı ilə şöbənin fəaliyyət planı təsdiq olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.