Twitter sosial şəbəkəsi öz siyasətini sərtləşdirir

15 Avqust 2014 - 10:00 | Texnoloji yeniliklər
Twitter sosial şəbəkəsi öz siyasətini sərtləşdirir

"The Washington Post" qəzetinin məlumatına görə, Twitter sosial şəbəkəsinin rəhbərliyi kibercinayətkarlarla münasibətdə öz siyasətini sərtləşdirmək niyyətindədir.

gazeta.ru saytından bildiriblər ki, bir neçə gün öncə ABŞ aktyoru Robin Uilyamsın qızı Zelda Uilyams dələduzlar tərəfindən hücumlara məruz qaldığından Twitter-də öz hesabını ləğv edib. Qeyd olunur ki, o, sosial şəbəkədə atasının fotoredaktorun köməyilə hazırlanmış xoşagəlməz bədən görüntüləri yayıldıqdan sonra bu qərara gəlib.  

"Bu hadisəylə bağlı hüquq pozuntularının qarşısını almaq üçün bir neçə hesab artıq bağlanıb. Hazırda biz gələcəkdə siyasətimizin daha da təkmilləşdirilməsi imkanlarını öyrənirik ki, bu kimi hallar bir daha baş verməsin" - deyə Twitter-in təhlükəsizlik məsələləri üzrə vitse-prezidenti Del Xarvi bildirib.

Qeyd edək ki, məşhur aktyor Robin Uilyams avqustun 12-də intihar edərək dünyasını dəyişmişdir.