Yeni proqram görmə məhdudiyyətli insanlara həmsöhbətinin emosiyalarını “eşitməyə” imkan verəcək

08 Yanvar 2019 - 15:49 | Texnoloji yeniliklər
Yeni proqram görmə məhdudiyyətli insanlara həmsöhbətinin emosiyalarını “eşitməyə” imkan verəcək

“Huawei” şirkətinin mütəxəssisləri görmə imkanı məhdud insanlara həmsöhbətinin emosiyalarını tanımağa kömək edəcək “Facing Emotions” proqramını hazırlayıblar.

techcult.ru saytının məlumatına görə, Polşa Korlar Assosiasiyasının himayəsi altında yaradılmış və “Huawei Mate 20 Pro” smartfonuna uyğunlaşdırılmış proqramda insanın mimikalarını anında tanıyan və onun psixoemosional vəziyyəti haqqında məlumat verən sifət skaneri üçün süni intellektdən istifadə olunub. Proqramın iş prinsipi olduqca sadədir: smartfonun kamerası həmsöhbətin üzünü skan edir, onun dodaqları, burun, göz və qaşlarını müəyyənləşdirir, sonra onların formalarında və bir-birinə nəzərən mövqelərində normadan kənara çıxmaları tanıyır. Bu, insanın indiki əhvalını şablon üzrə aşkarlamaq üçün kifayətdir.

Proqram ümumilikdə 7 növ əsas emosiyaları və onların arasındakı keçidləri tanıyır. Emosiyanın səsləndirilməsi üçün görmə məhdudiyyətli bəstəkar Tomas Biletski tərəfindən hazırlanmış qısa səs markerlərindən istifadə olunub. Sınaq iştirakçıları qeyd ediblər ki, siqnal səslə deyil, əl üzərindəki toxunuş sensoru ilə ötürüləndə də emosiyalar arasındakı fərqi oxumaq asandır. Proqramın işləməsi üçün İnternet bağlantısı tələb olunmur.

Maraqlıdır ki, “Huawei” bu sahədə uğur qazanmış yeganə şirkət deyil. Belə ki, bu yaxınlarda “Samsung” Almaniyanın Fraunhofer İnstitutu ilə əməkdaşlıq çərçivəsində insanların emosiyalarının oxunmasına xidmət edən oxşar proqram təminatı hazırlayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.