ABŞ-ın Ayova Universitetinin alimləri süni neyroşəbəkə əsasında soyğunçunun növbəti cinayəti törədəcəyi yeri proqnozlaşdıran proqram yaradıblar.
dni24.com saytının məlumatına görə, mütəxəssislərin hazırladıqları “Next Hit Predictor” alqoritmi cinayətkarın üstünlük verdiyi davranışları nəzərə alır. Bu zaman cinayətkarın daha çox soyğunçuluq etdiyi yerlər haqqında informasiya verilir. Həmçinin sistem uzun müddət analiz edilən ərazidə törədilən cinayətin orta göstəricisi haqqında məlumatları nəzərə alır.
Tədqiqat prosesində ideya müəllifləri 1997-ci ildən 2006-cı ilə qədər Kembric şəhərində (Massaçusets ştatı) törədilmiş 5 min oğurluq hadisəsi haqqında informasiya ilə tanış olublar. Onlar bu cinayətlərdən seriyalı cinayətlərlə əlaqəsi olan hadisələri seçiblər. Cəmi 55 “seriyalı” oğurluq hadisəsi qeydə alınıb.
“Next Hit Predictor” proqramının sınaqdan keçirilməsi üçün alimlər alqoritmin özünə yoxlama keçirmək imkanı verərək, ona son oğurluq haqqında məlumatları qəsdən yükləməyiblər. Bu zaman proqram hər bir seqmentin təhlükə səviyyəsinin göstəricisi ilə qeyd edildiyi xəritə yaradıb. İstehsalçıların sözlərinə görə, şəhərin bir məhəlləsində çox yaxşı nəticə əldə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.