“Elektron universitetin fəaliyyət konsepsiyasının, model və metodlarının işlənilməsi” mövzusunda əldə olunmuş elmi-nəzəri nəticələr müzakirə olundu

07 Dekabr 2018 - 14:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 15 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova tədbirin institutun dissertantı Hüseyn Qasımovun “3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Elektron universitetin fəaliyyət konsepsiyasının, model və metodlarının işlənilməsi” mövzusunda hazırladığı dissertasiya işinin ilkin müzakirəsinə həsr olunduğunu bildirdi.

Sonra H.Qasımov dissertasiya işini təqdim edərək işin məqsəd və vəzifələri, aktuallığı, elmi yeniliyi və s. haqqında ətraflı məlumat verdi. Bildirdi ki, dissertasiya işi giriş, 4 fəsil, əsas nəticələr, ədəbiyyat siyahısı və əlavələrdən ibarətdir. Mövzu üzrə 14 elmi iş çap edilmişdir.

H.Qasımov qeyd etdi ki, dissertasiya işinin əsas məqsədi virtual təhsil mühitində e-universitetin fəaliyyət konsepsiyası, model və metodlarının işlənilməsidir.

O, dissertasiya işində əldə olunmuş elmi yenilikləri təqdim edərək tədqiqat zamanı mövcud e-universitet modellərinin araşdırıldığını, Azərbaycan təhsil mühitinə uyğun e-universitetin konseptual əsaslarının işlənildiyini, e-universitetdə intellektual idarə olunmanı tələb edən arxitektur komponentlərin müəyyənləşdirildiyini və onlar arasındakı qarşılıqlı münasibətlərin təyin olunduğunu, təhsilin personalizasiyası kontekstində öyrənənin ”start” biliklərinin qiymətləndirilməsi metodlarının işlənildiyini diqqətə çatdırdı. Bildirdi ki, qeyri-səlis çoxluqlar nəzəriyyəsinə və neyron şəbəkələrinə istinad etməklə metod təklif olunmuşdur. Öyrənənin intellektual potensialına müvafiq təhsil trayektoriyasının seçilməsi üçün yeni metodoloji yanaşma işlənilmiş, e-universitetdə fərdi təhsil trayektoriyasının arxitekturası və struktur  komponentlərinin qarşılıqlı əlaqəsi müəyyənləşdirilmiş və trayektoriyanın intellektual idarə edilməsini dəstəkləyən sistem işlənilmişdir.

Məruzəçi dissertasiya işində əldə olunmuş nəzəri və praktiki nəticələrin Naxçıvan Dövlət Universitetinin elektron təhsil informasiya sisteminin təkmilləşdirilməsində tətbiq olunduğunu vurğuladı.  

Sonra H.Qasımov dissertasiya işi ilə bağlı çoxsaylı sualları cavablandırdı. Müzakirələrdə iştirak edən texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev və digərləri əldə olunan elmi-nəzəri nəticələrlə bağlı təklif və tövsiyələrin səsləndirdilər, işin institutun elmi seminarında müzakirəyə təqdim olunmasını təklif etdilər.

M.Məmmədova elmi rəhbəri olduğu dissertasiya işinin aktuallığından danışdı. Bildirdi ki, informasiya cəmiyyətinin formalaşması, qloballaşma proseslərinin sürətləndirilməsi intellektual texnologiyaların təhsildə tətbiqini, sürətlə dəyişən iqtisadi mühitə uyğunlaşmağa imkan verən çevik təhsil mühitinin yaradılmasını aktuallaşdırır. Belə bir şəraitdə e-universitet konsepsiyasının işlənib hazırlanması zərurəti ciddi şəkildə ortaya çıxır ki, o da öyrənənlərə  zəruri biliklərin çatdırılması və onların sistematik özünütəlim və özünüinkişaf tələbatlarının təmin edilməsini şərtləndirir. Virtual təhsil mühiti hər bir insana qeyri-məhdud sayda sərbəstlik imkanları verir, fərdi təhsil trayektoriyalarının seçilməsinə zəmin yaradır. Bu isə, öz növbəsində, virtual təhsil mühitində insanın intellektual potensialı və fərdi xüsusiyyətlərinın nəzərə alınmasını və  elektron universitetin intellektual idarə olunması mexanizmlərinin işlənilməsini tələb edir. Bu baxımdan dissertasiya işi günün tələblərinə cavab verir.

M.Məmmədova mövzu üzrə əsaslı tədqiqatlar aparıldığını bildirdi, dissertasiyanın institutun elmi seminarının müzakirəsinə təqdim olunmasını tövsiyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.