Elektron səsvermə sisteminin təhlükəsizliyinə olan təhdidlərin çoxmeyarlı qiymətləndirilməsi aparılıb

26 Noyabr 2018 - 12:27 | Mühüm hadisələr
Elektron səsvermə sisteminin təhlükəsizliyinə olan təhdidlərin çoxmeyarlı qiymətləndirilməsi aparılıb

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifovun həmmüəllifi olduqları “Elektron səsvermə sisteminin təhlükəsizliyinə olan təhdidlərin çoxmeyarlı qiymətləndirilməsi” (“Multi-Criteria Evaluation of Electronic Voting System Security Threats”) adlı məqalə “Вопросы кибербезопасности” jurnalında nəşr olunub. Jurnal “Web of Science”, “RSCI”, “Crossref” kimi elmi bazalarda indeksləşir.

Məqalədə qeyd olunur ki, e-səsvermə e-demokratiyanın ən mühüm komponentlərindən biri hesab edilir. E-səsvermə sisteminin tətbiqi müxtəlif məqsədli olsa da, əsas üstünlükləri kimi uyğun kompetensiyalara malik namizədlərin seçilməsi, seçicilərin mobilliyinin artması, ölkədən kənarda olan vətəndaşların seçkilərdə iştirakı, fiziki imkanları məhdud şəxlər üçün demokratik prosedurlara çıxış imkanlarının genişləndirilməsi, seçki nəticələrinin müstəqil və operativ şəkildə elan olunması və s. göstərilir. Hazırda e-səsvermə sistemlərinin tətbiqində və inkişaf etdirilməsində təhlükəsizlik məsələləri həlledici rola malikdir.

Məqalədə e-səsvermə sisteminə dair yanaşmalar və sistemin təhlükəsizliyinə olan təhdidlər araşdırılır. Çoxmeyarlı qiymətləndirmə yanaşması (ən pis hal (worst-case method) və TOPSIS metodları) əsasında e-səsvermə sisteminin təhlükəsizliyinə olan təhdidlərin empirik qiymətləndirilməsi məsələsinə baxılır. E-səsvermə sahəsində mövcud təcrübənin analizi əsasında belə nəticəyə gəlmək olar ki, lokal səviyyədə e-səsvermə sisteminin təhlükəsizliyinə olan təhdidlər qiymətləndirilməli və empirik tədqiqatlara üstünlük verilməlidir. E-səsvermə sisteminin təhlükəsizlik səviyyəsinə görə xüsusiyyətləri nəzərə alınmaqla yaradılacaq e-səsvermə mexanizmləri bir sıra problemləri aradan qaldırmağa imkan verəcəkdir.

Qeyd edək ki, bu məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi (№ EİF-KETPL-2-2015-1(25)-56/05/1) çərçivəsində hazırlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.