AMEA İnformasiya Texnologiyaları İnstitutunun 16 saylı şöbəsinin növbəti elmi seminarında “Terminoqrafik işlərin avtomatlaşdırılmasının üstünlükləri” mövzusuna həsr olunmuş məruzə dinlənildi.
Mövzu üzrə çıxış edən institutun baş mütəxəssisi Əfruz Qurbanova leksikoqrafiya və terminoqrafiya, leksikoqrafiya və terminoqrafiyanın avtomatlaşdırılması, eləcə də terminoloji verilənlər bazası haqqında məlumat verdi.
O, bildirdi ki, informasiya texnologiyaları hazırkı dövrdə istənilən peşəkar fəaliyyət sahəsi kimi, linqvistikanın da ayrılmaz hissəsinə çevrilib. Doğma və xarici dilin öyrənilməsi vasitəsi olan lüğətlər bilik ehtiyatını genişləndirməyə, eləcə də mövcud bilik səviyyəsini möhkəmləndirməyə xidmət edir.
Leksikoqrafiya və terminoqrafiyanın perspektiv istiqamətləri haqqında məlumat verən tədqiqatçı bildirdi ki, buraya leksikoqrafiya və terminoqrafiya nəzəriyyəsinin yeni problemlərinin aşkarlanması, leksikoqrafiya və terminoqrafiya ilə inteqrasiya olunmuş yeni elmi paradiqmaların təsdiqlənməsi, lüğətlərin mövcud növləri və janrlarının təkmilləşdirilməsi, yeni prinsip və məsələlər əsasında lüğətlərin yaradılması və s. aiddir.
O, leksikoqrafiya və terminoqrafiyada kompüterləşmənin üstünlüklərindən də danışdı. Qeyd etdi ki, kompüter geniş sözlüyə, sitat materialına, çoxmənalı söz haqqında informasiyaya əlyetərliyi daha tez təqdim edə bilir. Leksikoqrafik informatikanın əsas istiqamətlərinə müxtəlif lüğətlərin kompüter vasitələrinin köməyilə mətnlərdən avtomatik alınması, təbii dilin emalı sistemi üçün kompüter lüğətlərinin tərtib edilməsinin nəzəri və praktiki aspektləri, ənənəvi lüğətlərin maşın versiyasının yaradılması aiddir.
Kompüter texnologiyası əsasında çap formasında lüğətlərin yaradılması, yalnız kompüterin yaddaşında və ya maqnit daşıyıcılarında fəaliyyət göstərən elektron lüğətlərin yaradılması isə terminoqrafik informatikanın istiqamətlərinə daxildir.
Terminoloji verilənlər bazası (TVB) haqqında məlumat verən məruzəçi diqqətə çatdırdı ki, bu bazanın geniş istifadə sahələrinə müxtəlif bilik sahələrinin mütəxəssislərinə sorğu-informasiya xidmətinin göstərilməsi, elmi-texniki ədəbiyyatın ənənəvi tərcüməsinin təmin olunması, maşın tərcümə sisteminin təmin olunması, avtomatlaşdırılmış informasiya sistemlərinin linqvistik təmini və s. aiddir.
Ə.Qurbanova bildirdi ki, böyük inkişaf potensialına malik TVB avtomatlaşdırılmış anbardan ciddi elmi araşdırmaların aparılması vasitəsinə çevrilir və böyük praktiki əhəmiyyətə malikdir.
Məruzəçi araşdırmaların nəticəsindən söz açaraq qeyd etdi ki, xüsusi lüğətlərin etibarlı klassifikasiyasının yaradılması, ayrı-ayrı lüğət formalarına tələbat və onların keyfiyyətinin yüksəldilməsi üsullarının analizi, lüğətdə terminoloji informasiyanın seçilməsi və təşkili metodlarının, həmçinin terminoqrafik işlərin avtomatlaşdırılması üsullarının öyrənilməsi müasir terminoqrafiyanın əsas problemləridir.
O, bildirdi ki, terminoqrafiya işlərinin avtomatlaşdırılması bir sıra məsələlərin həllinə imkan verəcək. Belə ki, avtomatlaşdırma nəticəsində terminoloji lüğətlərin tərtibinə vahid yanaşmanı təmin etmək, lüğətləri tərtib edərkən onların əsas xüsusiyyətlərini təyin etmək üçün optimal ardıcıllığı seçmək, lüğətlərin tərtibi ilə məşğul olan çox sayda mütəxəssisin öz işini təşkil etmək və nəticələri obyektiv qiymətləndirmək mümkün olacaq.
Ə.Qurbanova əlavə etdi ki, ölkəmizdə yaradılan TVB termin yaradıcılığı işlərinin səmərəliliyinin yüksəldilməsinə xidmət etməklə yanaşı, həm də dilimizin terminoloji sisteminin modelləşdirilməsinə, Azərbaycan terminologiyasının tədqiq olunmasına imkan yaradacaq.
Sonda mövzu ilə əlaqədar müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.