Tibbi sosial şəbəkələrdə həkim-pasiyent münasibətləri araşdırılır

19 Oktyabr 2018 - 11:09 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 15 saylı şöbənin “Azərbaycanda tibbi sosial şəbəkələrdə həkim-pasiyent münasibəti” mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirildi.

Şöbənin əməkdaşı Aytac İsayeva məruzəni təqdim edərək son illərdə sosial şəbəkələrdən  kütləvi istifadənin İnternet mühitində peşəkar sosial cəmiyyətlərin meydana gəlməsinə səbəb olduğunu dedi. XX əsrin sonlarında Qərbdə tibb sahəsini əhatə edən “Doc2Doc”, “Ozmosis”, “Healtheva” kimi sosial şəbəkələrin yarandığını bildirdi. Qeyd etdi ki, hazırda dünya üzrə klinikaların 26%-i sosial şəbəkələrdə fəaliyyət göstərir.

Həkimlərin sosial mediadan istifadəsinin digər sahələrlə müqayisədə üstünlük təşkil etdiyini bildirən məruzəçi 2012-ci ildə aparılan sorğuya  əsasən, Avropa həkimlərinin  22%-nin  sosial şəbəkələrdən peşəkar məqsədlər üçün istifadə etdiklərini və il ərzində bu rəqəmin 13% artdığını diqqətə çatdırdı.

O, bildirdi ki, Azərbaycanda da müxtəlif tibbi sahələrdə ixtisaslaşmış həkimləri vahid portalda birləşdirən peşəkar sosial cəmiyyətlər fəaliyyət göstərir. Bunlara misal olaraq  “Həkim.tap”, “həkimsənaz.az”, “sağlamolun.az” , “doctormap.az” kimi sosial  cəmiyyətləri göstərmək olar. Bu kimi şəbəkələr  həkimlərə birgə fəaliyyət göstərmək, təcrübəli kolleqaları ilə kliniki vəziyyətləri tədqiq etmək, elmi konfransların elanlarını izləmək, daha yaxşı iş tapmaq və s. kimi imkanlar yaradır.

Son dövrlər ölkəmizdə  pasiyentlərin sosial cəmiyyətlərin aktiv istifadəçisinə çevrildiyini vurğulayan məruzəçi onların bu üsulla eyni xəstəlik daşıyıcısı olan digər pasiyentlərlə ünsiyyət quraraq qarşılıqlı informasiya və emosional dəstək, həkimlərlə onlayn əlaqə yaratmaqla pulsuz konsultasiyadan yararlanmaq və ya ilkin müalicə, xəstəliklərin simptomları haqqında məlumat əldə etdiklərini nəzərə çatdırdı.

Qeyd etdi ki, Azərbaycanda  pasiyentlər dünyaca məşhur şəbəkə olan “Facebook”dan yararlanmaqla tibbi informasiyalar əldə edirlər. Pasiyentlərin bu sosial şəbəkədən istifadəsini müəyyən etmək üçün 61,373 üzvü olan “Онлайн медицинская консультация” tibbi qrupuna istinad edilmiş və onların 28 gün və 3 ay müddətində  qrupa edilən müraciətlərinə əsasən qrafik qurulmuşdur. Qrafikdə günlərə görə müraciətlərin say dinamikası müəyyənləşdirilmişdir.

A.İsayeva bildirdi ki, sosial mediada tibbi informasiyaların axtarışı, verilməsi, əldə edilməsi və mənəvi dəstəyin həyata keçirilməsində üç maraqlı tərəf (stakeholder) iştirak edir: pasiyentlər, himayəçilər, tibb mütəxəssisləri. Pasiyent, himayəçi və tibb mütəxəssislərinin  tibbi sosial mediadan istifadəyə nə dərəcədə maraqlı olduğunu müəyyən etmək üçün araşdırma aparılmış və 1. 966.278 üzvü olan tibbi.az cəmiyyəti əsas məlumat bazası kimi seçilmişdir.

Sonra o, müxtəlif tibb sahələri üzrə pasiyentlərin sosial şəbəkələrə müraciətlərinin sayı ilə bağlı statistik göstəriciləri təqdim etdi.

Həkim-pasiyent münasibətində yanaşmalar haqqında məlumat verən məruzəçi qeyd etdi ki, sosial media həm həkimlər, həm pasiyentlər üçün ölçüyəgəlməz dərəcədə böyük potensiala malikdir. Həkim-pasiyent münasibəti tibbi müalicənin bazasını təşkil edir: məlumatların toplanması, diaqnozun qoyulması, şikayətlərin dinlənilməsi, pasiyentlə rəftar,  pasiyentə mənəvi dəstəyin həyata keçirilməsi.

A.İsayeva pasiyentlərin həkimlərə yanaşmalarını müəyyən etmək üçün Youtube sosial şəbəkəsində sorğu aparıldığını diqqətə çatdırdı, bu sorğunun nəticələrindən danışdı.

Sonda məruzə ətrafında müzakirələr aparıldı. Şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova və baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova müasir dövrdə həkim-pasiyent münasibətlərinin tənzimlənməsində sosial şəbəkələrin xüsusi rola malik olduğunu qeyd edərək, milli sosial media mühitində tibbi kontentlərin analizi istiqamətində tədqiqatların gücləndirilməsinin vacibliyini vurğuladılar.

Tibbi sosial şəbəkələrdə intellektual dəstək tələb edən məsələlərin müəyyənləşdirilməsi və müvafiq riyazi aparatın seçilməsi ilə bağlı araşdırmaların dərinləşdirilməsini tövsiyyə etdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.