Vətəndaş elminin formalaşması və onun elmin inkişafına təsiri məsələləri araşdırılıb

18 Oktyabr 2018 - 15:50 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 3 saylı şöbənin “Vətəndaş elminin formalaşması və onun elmin inkişafına təsiri məsələləri” mövzusuna həsr olunmuş elmi seminarı keçirildi.

Şöbə müdiri Təhmasib Fətəliyev və şöbənin əməkdaşı Nərgiz Verdiyevanın həmmüəllifi olduqları məruzəni təqdim edən N.Verdiyeva vətəndaş elminin formalaşması, ona dair resursların bibliometrik analizi, elm sahələrinə təsiri istiqamətləri, o cümlədən ətraf mühit məsələləri timsalında verdiyi innovativ imkanların tədqiqi haqqında ətraflı məlumat verdi.

Elmi fəaliyyətdə daha sürətlə inkişaf edən bu hərəkatın beynəlxalq səviyyədə tanındığını və böyük dəstək aldığını qeyd edən məruzəçi Avropa Vətəndaş Elmi Assosiasiyasının təşəbbüsü ilə onun 10 prinsipinin bəyan edildiyini və onlardan birincisində vətəndaş elminin “Yeni biliklər və ya anlayışlar yaradan elmi cəhd” kimi qeyd olunduğunu bildirdi. Vətəndaş elminin nüfuzunun artırılması məqsədi ilə bu sənədə vətəndaş elmi sahəsindəki qabaqcıl təcrübələr əsasında yeni layihələr üçün məqsədlər, proseslər və nəticələrlə əlaqədar tövsiyələr daxildir. Bu prinsiplər müxtəlif elm sahələrində yaxşı təcrübənin normativ əsası kimi tətbiq oluna bilən çevik konsepsiyanı təmin edir.

“Son onilliklərdə vətəndaş elmi alimlər arasında könüllülərin iştirakının töhfəsinin artması ilə əlaqədar daha böyük populyarlıq qazanmışdır”, – deyə bildirən məruzəçi bu inkişafın müasir informasiya-kommunikasiya texnologiyalarının son nailiyyətləri ilə əlaqədar olduğunu diqqətə çatdırdı.

N.Verdiyeva ən çox yayılmış vətəndaş elmi layihələri barədə danışdı, müxtəlif bazalarda vətəndaş elmi resurslarının bibliometrik analizinin nəticələrini təqdim etdi. O, həmçinin “Web of Science” (WoS) bazasında vətəndaş elmi resurslarının artım dinamikası, elmi resursların ümumiləşdirilmiş elm sahələri üzrə paylanması, WoS-un əsas bazasında konkret elm sahələri üzrə resursların sayı, elmi resursların ölkələr üzrə paylanması ilə bağlı statistik məlumatları da nəzərə çatdırdı.

Kraudsorsinqin elm sahələrinə təsiri istiqamətlərindən söz açan N.Verdiyeva onun tədqiqatın prioritetlərinin formalaşdırılması, verilənlərin toplanması, emalı, problemin həlli, ideyaların generasiyası, konsensus qurulmasında tətbiqini misallarla izah etdi.

Vətəndaş elminin elm sahələrinə təsiri ətraf mühit məsələləri timsalında təqdim edildi. Yeni biliklərin generasiyası, cəmiyyətdə maarifləndirmənin inkişaf etdirilməsi və biliklərin əldə olunması prosesinin asanlaşdırılması, elmi tədqiqatlarda vətəndaşların iştirakı üçün imkanların yaradılması məsələlərinin tədqiqi məqsədilə Almaniya, Avstriya və İsveçrədən olan 143 ekspert arasında onlayn keçirilmiş sorğu haqqında məlumat verildi. Sorğunun nəticələri əsasında elmi tədqiqatda iştirak, layihələr çərçivəsində generasiya olunan biliklər və elmi məqalələrin nəşri ilə bağlı əldə olunmuş nəticələr təqdim edildi.

Sonda məruzəçi qeyd etdi ki, dünyada getdikcə daha çox tətbiq olunan vətəndaş elmi ilə bağlı elmi məlumatların sayı artmaqdadır və vətəndaş elmi daha çox qlobal xarakterli təbiət və ətraf mühitlə bağlı elm sahələrində tətbiq olunur. Vətəndaşlar ən çox verilənlərin toplanmasında iştirak etməklə bərabər, elmi fəaliyyətin digər mərhələlərinə də töhfə verirlər.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.