İntellektual informasiya texnologiyaları və jurnalistika problemlərinə həsr olunmuş seminar keçirildi

19 Sentyabr 2018 - 15:17 | Konfranslar, İclaslar

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda 17 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, şöbənin rəhbəri, akademik Rasim Əliquliyev seminarın intellektual informasiya texnologiyaları və jurnalistika problemlərinə həsr olunduğunu bildirdi.

Öncə institutun baş mütəxəssisi Sünbül Zalova “Süni intellekt texnologiyalarına əsaslanan jurnalistika: müasir vəziyyəti, trendlər və prespektivlər” mövzusunda məruzəsini təqdim etdi. Bildirdi ki, süni intellekt insan məntiqini maşınlarda tətbiq etmək məqsədi daşıyan və insan təfəkkürünün formalizasiyası təşəbbüsləri ilə bağlı olan elmi istiqamətdir.

Sonra pilotsuz uçuş aparatları olan dronlar haqqında məlumat verən məruzəçi onların texniki olaraq məsafədən idarə olunan qurğular olduğunu qeyd etdi. Əlavə etdi ki, ilk belə qurğu 1916-cı ildə istehsal olunmuş və I Dünya müharibəsində istifadəyə verilmişdir.

S.Zalova dron jurnalistikasından söz açaraq bildirdi ki, pilotsuz uçuş aparatları sərhəddən gələn təhlükə, oğurluq və digər hadisələr haqqında məlumatları operativ şəkildə “əldə edə” bilirlər. O, 2017-ci ildə ABŞ-da baş verən təbii fəlakət zamanı dron çəkilişlərindən istifadə olunduğunu da diqqətə çatdırdı.

Məruzəçi müasir dövrün mediası üçün yeni imkanlar açan dron jurnalistikasının problemlərindən də danışdı: “Dronların şəxsi həyata müdaxiləsi, ölkələr arasında rəqəmsal bərabərsizliyi kəskinləşdirməsi, fərdi məlumatları əldə etməsi, eləcə də yalnış məlumatlar ötürə bilmə ehtimalı onun çatışmayan cəhətləridir. Jurnalistlər dronlardan istifadə edərkən hər zaman ekoloji şəraiti nəzərə almalı və qəzaların qarşısını almaq üçün bütün avadanlıqları uçuşdan əvvəl texniki baxışdan keçirməlidir”.

O, Peşəkar Dron Jurnalistləri Cəmiyyəti haqqında məlumat verərək bu Cəmiyyətin dron jurnalistikası sahəsində etik, təhsil və texnoloji istiqamətləri formalaşdıran ilk beynəlxalq qurum olduğunu diqqətə çatdırdı.

S.Zalova, həmçinin dron texnologiyaları və sosial media imkanları, bu texnologiyalardan istifadə qaydaları, dron jurnalistikasının perspektivləri, eləcə də aparılan tədqiqatlar, keçirilən konfranslar haqqında ətraflı məlumat verdi.

Akademik Rasim Əliquliyev çıxış edərək mövzu ilə bağlı tövsiyələrini səsləndirdi. Alim süni intellektin daha dərindən araşdırılmasını, eləcə də “data science” jurnalistika, informasiya müharibəsi texnologiyaları, konfliktologiya sahələri üzrə tədqiqatların aparılmasını tövsiyə etdi.

“Yeni medianın tədrisi sahəsində dünya təcrübəsi” mövzusunda məruzəni institutun baş mütəxəssisi Gülnar Paşayeva təqdim etdi. O, öncə dünyanın tanınmış jurnalistika məktəbləri və universitetləri haqqında məlumat verərək buraya Emerson Kolleci, Texas Uunversiteti, Nyu-York Universiteti və digər ali məktəblərin nəzdində fəaliyyət göstərən məktəblərin aid olduğunu qeyd etdi.

Məruzəçi ABŞ-ın Kolumbiya Universitetinin nəzdində fəaliyyət göstərən Jurnalistika məktəbi haqqında məlumat verərək bu məktəbin jurnalistikanın bütün istiqamətləri üzrə mütəxəssislər hazırladığını qeyd etdi.  Bildirdi ki, məktəbdə incəsənət, radio, biznes, multimedia, siyasət, elm kimi tədqiqat sahələri mövcuddur.

O, həmçinin London Jurnalistika Məktəbi haqqında məlumat verdi. Qeyd etdi ki, bu ali məktəb məsafədən təhsil üzrə jurnalistika kursları, sərbəst dərslər və yaradıcı yazı kursları, axşam dərsləri, eləcə də doktorantura təhsili təqdim edir.

“Dünyanın media sahəsində təhsil verən ən tanınmış məktəblərindən biri də ABŞ-ın Texas Universitetinin nəzdində fəaliyyət göstərən Jurnalistika məktəbidir”, – deyə bildirən məruzəçi burada mobil proqramların dizaynının işlənməsi və layihələndirilməsi, veb və mobil proqramlaşdırma, məlumatların vizuallaşdırılması, sosial şəbəkələr və multimedia, vətəndaş jurnalistikası, jurnalistikada etika və s. istiqamətlərdə dərslərin tədris olunduğunu dedi.

G.Paşayeva Rusiyada fəaliyyət göstərən jurnalistika fakültələri haqqında da məlumat verdi. Bildirdi ki, 1947-ci ildə Rusiyanın Moskva Dövlət Universitetinin Fililogiya fakültəsinin nəzdində Jurnalistika fakültəsi açılmışdır. Hər il təxminən 4 minə yaxın tələbə burada təhsil alır. Fakültədə 13 kafedra fəaliyyət göstərir.

O, həmçinin dünya ölkələrində jurnalistika sahəsində fəlsəfə doktorluğuna dair təcrübə və yeni media sahəsində keçirilən konfranslar haqqında məlumat verdi.

Məruzə ilə bağlı çıxış edən akademik Rasim Əliquliyev yeni medianın tədrisi və bu sahədə olan problemlərlə əlaqədar son illər keçirilən beynəlxalq konfrans materiallarının araşdırılmasını, perspektivlərin müəyyənləşdirilməsini tövsiyə etdi.

Hər iki məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.