Tim Berners-Li “Ümumdünya Hörümçək Toru”nun yaradıcısıdır

09 İyul 2018 - 14:39 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında Böyük Britaniyalı mühəndis, tanınmış kompüter mütəxəssisi, Massaçussets Texnologiya İnstitutunun professoru, Ümumdünya Hörümçək Toru Konsorsiumunun sədri, HTTP, HTML və URI-ın (o cümlədən, URL) yaradıcısı Tim Berners-Linin elmi irsi müzakirə olundu.

Alimin həyat və fəaliyyətinə dair məruzə ilə çıxış edən institutun şöbə müdiri Gülnarə Nəbibəyova Tim Berners-Linin 1955-ci ildə Londonda anadan olduğunu, 1969-1973-cü illərdə Uandsfort şəhərində Emanuel Kollecində, 1973-1976-cı illərdə isə Oksford Universitetinin Kuins Kollecində təhsil aldığını diqqətə çatdırdı.

Alimin 1976-cı ildə “Plessey” şirkətində əmək fəaliyyətinə başladığını söyləyən G.Nəbibəyova burada paylanmış tranzaksiya sistemlərinin proqramlaşdırılması, informasiyanın ötürülməsinin sistemlərinin proqramlaşdırılması və ştrix-kod texnologiyası üzərində işlədiyini diqqətə çatdırdı.

Qeyd etdi ki, Berners-Li 1978-ci ildə “D.G. Nash Ltd”, 1980-ci ildə Avropa Nüvə Tədqiqatları Mərkəzi  (CERN), 1981-1984-cü illərdə “Image Computer Systems Ltd” və s. şirkətlərdə fəaliyyətini davam etdirmiş, 1989-cu ildə belçikalı alim Robert Kayo ilə birgə CERN-də İnternet şəbəkəsinə qoşulmuş müxtəlif kompüterlərdə, öz aralarında əlaqəli olan fayllara çıxışı təmin edən “Ümumdünya Hörümçək Toru” (World Wide Web) layihəsini təklif etmişdir. 1991-1993-cü illərdə T.Berners-Li layihə çərçivəsində dünyada ilk veb-server olan “httpd”ni yazmış, dünyada ilk veb-sayt, həmçinin ilk İnternet-kataloq olan “info.cern.ch”ni yaratmışdır.

“Berners-Li 1994-cü ildə “Ümumdünya Hörümçək Toru” üçün texnoloji standartlarının işlənməsi və tətbiqi məsələləri ilə məşğul olan “Ümumdünya Hörümçək Toru” Konsorsiumunun (World Wide Web Consortium) əsasını qoymuşdur”, – deyən G.Nəbibəyova bildirdi ki, konsorsium İnternetin inkişafını 1998-ci ildə Berners-Li tərəfindən təklif olunmuş “semantik veb” konsepsiyası ilə əlaqələndirir. Bu texnologiyada WEB 1.0 və WEB 2.0-dan fərqli olaraq müəllif-oxucu proqram-agentlə işləyir. Proqram-agent şəbəkədən faktları seçir, onlardan məntiqi nəticələr əldə edir və istifadəçiyə ötürür.

Məruzəçi, Tim-Berners-Linin “Ümumdünya Hörümçək Toru” və semantik veb problemləri ilə bağlı nəşr olunmuş elmi əsərləri haqqında məlumat verdi, onun dünyanın nüfuzlu universitetlərinin (Oksford, Harvard, Mançester, Kolumbiya və s.) fəxri professoru olduğunu söylədi, alimin layiq görüldüyü fəxri adlar və mükafatları diqqətə çatdırdı. Onun sözlərinə görə, Berners-Li 1997-ci ildə Britaniya imperiyasının “Qlobal kompüter şəbəkə kommunikasiyaları naminə xidmətlərinə görə” ordeninin zabiti elan edilib, 1999-cu ildə Amerikanın “Time magazine” jurnalı onu XX əsrin 100 ən ağıllı insanı siyahısına daxil edib, 2004-cü ildə Böyük Britaniya kraliçası II Yelizaveta “İnternetin qlobal inkişafı naminə xidmətlərinə görə” Cəngavər-Komandor rütbəsi ilə təltif edib.

Qeyd etdi ki, İnternetin yaradıcısı Kilbi Fondu tərəfindən “İlin gənc innavatoru” mükafatı, Markoni Premiyası, Albert Medalı, Yaponiyanın Elm və Texnologiya Fondu tərəfindən Yaponiya Premiyası, Maksvel Premiyası, Finlandiyanın Prezidenti tərəfindən təqdim olunan “Minilliyin texnologiyası” mükafatı, informatika və informasiya texnologiyaları sahəsində ən nüfuzlu mükafat hesab olunan “Türinq” mükafatı, YUNESKO tərəfindən Nils Bor Medalı, ABŞ-ın İnformasiya Elmi və Texnologiyası Cəmiyyəti tərəfindən xüsusi mükafata və s. layiq görülüb.

Məruzəçi, həmçinin Tim Berners-Linin gələcəklə bağlı proqnozlarından danışaraq bildirdi ki, alim İnternetin vüsət alması ilə əlaqədar şəxsi məlumatlara nəzarətin itirilməsi, saxta informasiyanın geniş yayılması imkanı, siyasi reklamların tənzimlənməsinin mümkün olmaması və s. kimi problemlərin yaranacağına dair narahatlığını ifadə edir.

Məruzə tədbir iştirakçılarının böyük marağına səbəb oldu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.