Debatlarda insandan üstün olan süni intellekt təqdim edilib

21 İyun 2018 - 09:40 | Maraqlı məlumatlar
Debatlarda insandan üstün olan süni intellekt təqdim edilib

Son 20 ildə kompüterlər müxtəlif viktorinalarda, şahmat və hətta qo oyununda insanları üstələməyə müvəffəq olub. İndi isə “IBM” şirkəti tərəfindən hazırlanmış alqoritm debat aparmaq bacarığı üzrə insandan üstün olub.

hitech.newsru.com saytının məlumatına görə, “Project Debater” adlandırılmış sistem mətbuat üçün xüsusi tədbir çərçivəsində öz bacarığını nümayiş etdirib. İnsanlarla 2 debatda iştirak edən alqoritm onlardan birində qələbə qazanıb.

Birinci debatda rəqiblər kosmik tədqiqatlar üçün dövlət dəstəyinin zəruriliyini müzakirə ediblər və onlarla tamaşaçıdan yalnız 2-si qələbəni kosmik sahə üçün dövlət dəstəyinə qarşı çıxış edən debat mütəxəssisi Noa Ovadiaya veriblər. Debat mütəxəssisi Den Zafririn kompüterlə yarışdığı ikinci debatda isə 9 tamaşaçı onları teletibb sistemlərinin inkişaf etdirilməsinin vacibliyinə inandıran “IBM” alqoritmini qalib adlandırıb.

“Project Debater” sistemi 2011-ci ildən “IBM” şirkətinin Hayfada yerləşən tədqiqat laboratoriyası tərəfindən işlənib hazırlanır. Yaradıcılar alqoritmə debat aparmaq üçün müxtəlif metodları öyrədiblər, amma sistem konkret debatın mövzusuna aid informasiyanın axtarışı ilə özü məşğul olur. Bundan ötrü alqoritm 300 milyon xəbər və elmi işdən ibarət bazadan istifadə edir. Proqram yalnız fakt və məlumatları axtarıb tapmır, həmçinin əks-mülahizə üçün həmsöhbətə qulaq asır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.