Blokçeyn və bitkoin texnologiyaları institutun yeni tədqiqat istiqamətləridir

04 İyun 2018 - 14:43 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev seminarın blokçeyn və bitkoin texnologiyalarının elmi-nəzəri problemlərinin müzakirəsinə həsr olunduğunu bildirdi.

İnstitutun əməkdaşı Nilufər Hətəmova “Bitkoin texnologiyası və onun  elmi-nəzəri və praktiki problemləri” mövzusunda məruzəni təqdim edərək kriptoqrafiyaya əsaslanan virtual valyuta sistemi olan kriptovalyutanın yaranma tarixindən danışdı. Bildirdi ki, tranzaksiyaların, onlayn ödəmələrin təhlükəsizliyinin təmin edilməsinə şərait yaradan kriptovalyuta ideyası ilk dəfə 1998-ci ildə Vey Day tərəfindən irəli sürülmüşdür.

Məruzəçi, hər kəsə yerindəcə ödəmə imkanı verən, mərkəzi olmayan ilk kriptovalyuta – bitkoin haqqında məlumat verərək 2008-ci ildə Satoşi Nakamoto tərəfindən bitkoin şəbəkəsinin iş prinsipini və protokolun təsvirini əks etdirən məqalənin nəşr olunduğunu diqqətə çatdırdı. Məruzəçinin sözlərinə görə, bitkoin açıq kodlu texnologiyadır və 2140-cı ilə qədər 21 milyon bitkoinin yaradılması gözlənilir.

Bitkoinin ənənəvi puldan fərqli xüsusiyyətlərindən söz açan məruzəçi bu valyuta növünün mərkəzsiz olması, anonimlik, aşağı əməliyyat haqqı kimi imkanlara malik olduğunu söylədi.

“Bitkoin şəbəkəsində pulqabı fayl sistemində bir faylı nəzərdə tutur”, – deyən N.Hətəmova bildirdi ki, pulqabında açıq və gizli açar cütü və yerinə yetirilmiş tranzaksiyalar öz əksini tapır. Qeyd etdi ki, bitkoin pulqabısı təmsil etdiyi bitkoin ünvanına uyğun bütün giriş və çıxışları özündə əks etdirir.

O, həmçinin bitkoin mayninq texnologiyalarını təqdim edərək bu prosesdə iştirak edən maynerlər üçün xüsusi aparat təminatının mövcud olduğunu bildirdi, bitkoin texnologiyasında təhlükəsizlik məsələlərindən danışdı. Məruzəçi bitkoinə qarşı yönəlmiş əsas hücumlara “Double-spending”, “Selfish-mining”, “Sybil”, “51 %” “Timejacking”, “Dust Transactions”, kodyönümlü hücumların aid edildiyini nəzərə çatdırdı.

N.Hətəmova bitkoin şəbəkəsində əsas ödəmə tipləri barədə məlumat verdi, e-pulqabıların təhlükəsizliyi məsələsinə toxundu. Məruzəçinin sözlərinə görə, gizli açarın təhlükəsizliyini təmin etmək üçün “threshold” kriptoqrafiya üsullarından istifadə etmək mümkündür: “Bu halda gizli açarın hissələri bir neçə yerdə məsələn, istifadəçinin kompüterində, ağıllı telefonunda və s. yerləşdirilir. Bundan əlavə, təhlükəsizliyi təmin etmək üçün pulqabı və ya smartfon şifrələnməli, pulqabının nüsxəsi əldə edilməli, oflayn pulqabından istifadə olunmalıdır”.

O, bitkoinin iqtisadi sistemlərə təsirlərindən danışdı, bitkoinin qiymətinə hökumət tənzimlənməsi, KİV-in təsiri, bitkoin tələb və təklifi, geniş əhatə dairəsinə malik olması, texnoloji inkişaf və yeniliklərin təsir göstərdiyini diqqətə çatdırdı.

Məruzəçi bitkoinin üstünlükləri və çatışmazlıqlarını da təqdim edərək qeyd etdi ki, bu valyuta tranzaksiyaların üçüncü tərəf olmadan həyata keçirilməsi, əməliyyat haqqının olmaması, bank və ya dövlət nəzarətinin olmaması və s. kimi üstünlüklərə malikdir. Bundan başqa, bitkoindən istifadə zamanı gizli açar itirildikdə mülkiyyət sübutunun olmaması, anonimlik qorunduğu üçün qeyri-qanuni fəaliyyətlərdə istifadə olunması, dəyərinin tez-tez aşağı düşməsi və qalxması, mərkəzdən idarə olunmaması səbəbindən yanlış ödəmələrin geri alına bilməməsi, eləcə də, hücumlara qarşı zəifliklərin hələ də mövcud olması və digər problemlərə rast gəlinir.

Sonra akademik Rasim Əliquliyev çıxış edərək müasir dövrdə blokçeyn və bitkoin texnologiyalarının öyrənilməsinin aktuallıq kəsb etdiyini bildirdi. Ölkələrin iqtisadi təhlükəsizliyinin əsasının pul siyasəti olduğunu diqqətə çatdıran alim bitkoin texnologiyalarının dövlətlərin maliyyə təhlükəsizliyi ilə bağlı problemlər yaratdığını qeyd etdi.

“Bitkoin İnternetin təqdim etdiyi imkanlardan istifadə edilməklə yaradılmış nəhəng bir sistemdir”, – deyə bildirən R.Əliquliyev hazırda dünyada bu istiqamətdə inqilabi proseslərin getdiyini vurğuladı, inkişaf etmiş ölkələrdə bitkoinin əsas müzakirə olunan  məsələlərdən olduğunu söylədi.

Akademik blokçeyn və bitkoin texnologiyalarının rəhbərlik etdiyi institut üçün yeni tədqiqat istiqamətlərindən olduğunu diqqətə çatdıraraq bu sahədə ictimaiyyətə müntəzəm olaraq məlumatların  çatdırılmasının vacibliyini önə çəkdi: “Bu texnologiyalarla bağlı tədqiqatlar inkişaf etdirilməli, bitkoinin yaranma tarixi, əsas missiyası araşdırılmalı, çoxölçülü yanaşma ortaya qoyulmalıdır”. Alim bu sahədə informasiya texnologiyaları mütəxəssislərinə iqtisadiyyatçılarla birgə fəal olmağı tövsiyə etdi. 

Sonra çıxış edən institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və şöbə müdiri Rasim Mahmudov dünyada bitkoindən istifadə siyasəti, bu texnologiyanın daha çox tətbiq olunduğu ölkələr, bitkoinin hüquqi və iqtisadi aspektləri haqqında fikirlərini bölüşdülər. Qeyd olundu ki, bitkoin texnologiyaları istifadəçilərinin sayı günü-gündən artır. Hazırda ABŞ, Çin, Yaponiya kimi ölkələr bu texnologiyadan istifadə sahəsində fəallıq nümayiş etdirirlər. 

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Müzakirələrdə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev, institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova, institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, institutun baş mütəxəssisləri Babək Nəbiyev və Oqtay Ələkbərov və digərləri iştirak etdilər.

Sonra institutun əməkdaşı Cəmil Qurbanzadə müasir İKT yeniliklərinə dair məruzəni təqdim etdi.

O, ən kiçik detalların 3D modelini yaratmağa imkan verən “Artec Leo” skaneri, qanın tərkibindəki oksigenin miqdarını dəqiqliklə ölçən, idmançıları fiziki zədə almaqdan qoruyan “Human Support” qadceti, “İKEA” şirkətinin “bir-birini başa düşən” robotları, Rubik Kublarını 0,38 saniyədə tamamlayan robotlar, “Airbus” şirkətinin təyyarələrinin uçuşdan öncəki vəziyyətini monitorinq edən və nəticələri monitorinq mərkəzinə göndərən dronlar, eləcə də Birləşmiş Ərəb Əmirliklərində tətbiq olunan, Dubaydan və Əbu-Dabi şəhərinə 14 dəqiqə ərzində çatmağa imkan verən “Hyperloop” layihəsi haqqında məlumat verdi.

Təqdimat seminar iştirakçılarının böyük marağına səbəb oldu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.