Kompüter şəbəkələrində bulud xidmətlərinin səmərəli təşkilinə dair tədqiqatların nəticələri müzakirə olunub

24 May 2018 - 10:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 13 saylı şöbənin “Kompüter sistemləri və şəbəkələrinin proqram təminatı” ixtisası üzrə təqdim edilmiş “Kompüter şəbəkələrində bulud xidmətlərinin səmərəli təşkili üsullarının tədqiqi” mövzusunda magistr dissertasiyasının müzakirəsinə həsr olunmuş elmi seminarı keçirildi.

Dissertasiya işini təqdim edən institutun magistrantı Şəlalə Mansurova işin məqsədi, qarşıya qoyulmuş məsələlər, aprobasiyası və s. haqqında ətraflı məlumat verdi.

Bildirdi ki, dissertasiya işinin əsas məqsədi kompüter şəbəkələrində bulud texnologiyaları vasitəsilə mövcud xidmətlərin səmərəliyinin təmin edilməsi üsullarının tədqiqi, təklif edilən model əsasında infrastruktur xidmətinin effektivliyinin artırılmasıdır.

Məruzəçi dissertasiya işində bulud texnologiyalarının imkanları əsasında mövcud bulud modelləri və bulud xidməti modellərinin səciyyələndirilməsi, seçilmiş kriteriyalar əsasında bulud modellərinin təhlükəsizliyinin qiymətləndirilməsi, bulud xidməti modellərinin keyfiyyət əlamətləri əsasında qiymətləndirilməsi metodlarının analizi, infrastruktur kimi xidmət modelinin səmərəliliyinin artırılması üçün bulud-şeh modelinin işlənilməsi kimi məsələlərin qarşıya qoyulduğunu diqqətə çatdırdı.

O, həmçinin işdə əldə olunmuş nəticələri təqdim edərək bulud texnologiyalarının mövcud bulud modellərinin təhlükəsizlik baxımından qiymətləndirilməsi üçün kriteriyalar çoxluğunun təyin edildiyini, bulud xidməti modellərinin qiymətləndirilməsi üçün keyfiyyət əlamətlərinin tədqiq edilərək səciyyəvi keyfiyyət əlamətləri əsasında qiymətləndirmə metodlarının verildiyini, infrastruktur kimi xidmət modelinin səmərəliliyinin artırılması üçün bulud, duman, şeh arxitekturasının nəzərdən keçirildiyini, eləcə də istifadəçilərə təklif edilən infrastruktur kimi xidmətin səmərəliliyinin təşkili üçün müraciət intensivliyi əsasında bulud-şeh yanaşmasının işlənildiyini bildirdi.

Sonra çıxış edən magistrantın elmi rəhbəri, şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev dissertasiya işinə dair təklif və tövsiyələrini səsləndirdi. Gələcəkdə bu istiqamətdə tədqiqatların daha da dərinləşdirilməsini və davam etdirilməsini tövsiyə etdi.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı. Seminarın qərarı ilə irad və təkliflər nəzərə alınmaqla dissertasiya işinin müdafiəyə təqdim olunması tövsiyə olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.