İnformasiya təhlükəsizliyi insidentlərinin idarə edilməsi metodları araşdırılıb

17 May 2018 - 17:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. İnstitutun magistrantı Elşən Bağırov magistr dissertasiyası mövzusu üzrə məruzəni təqdim edərək mövzunun aktuallığı, işin məqsədi və qarşıya qoyulmuş məsələlər, işin strukturu və aprobasiyası haqqında məlumat verdi. 

E.Bağırov informasiya aktivlərinin təşkilatlarda vacib rol oynadığı hazırki dövrdə informasiya sistemlərinə, biznes-proseslərin fasiləsizliyinə olan hücumların qaçılmaz olduğunu, insidentlərin sayında və müxtəlifliyində hər il əvvəlki ilə nisbətdə ciddi artımın hiss edildiyini və statistik rəqəmlərin bunu sübut etdiyini bildirdi. Məruzəçi insidentlərin təşkilatlarda maliyyə itkisi, sistem və xidmətlərə icazəsiz girişlər, təşkilatların nüfuzuna ziyan vurulması kimi problemlərə yol aça biləcəyini vurğuladı.

O, tədqiqat mövzusunun insidentlərin qarşısının alınması və ya baş vermiş insidentlərin nəticələrinin tez bir zamanda, effektiv və səmərəli şəkildə aradan qaldırılması üçün insidentlərin operativ idarə edilməsi mexanizmlərinin işlənməsi zərurətindən meydana çıxdığını bildirdi.

Sonra müdafiəyə çıxarılan hər bir müddəa üzrə aparılmış tədqiqatların mahiyyəti və alınmış əsas elmi nəticələr səsləndirildi. Məruzəçi informasiya təhlükəsizliyi insidentlərinin idarə edilməsində CERT komandalarının rolunu diqqətə çatdırdı, insident bilet sistemi istifadə edən CERT komandaları üçün təklif edilmiş iş yükünün proqnozlaşdırılması metoduna aydınlıq gətirdi. O, həmçinin insidentlərin idarə edilməsi metrikaları və onların vacibliyi, insident biletləri üzərində verilənlərin intellektual analizi texnologiyalarının tətbiqi istiqamətində aparılmış eksperimentlərin nəticələri və tətbiq edilmiş hər bir metodun ayrılıqda qiymətləndirilməsi nəticələrini təqdim etdi. 

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı, təklif və tövsiyələr səsləndirildi. Seminarın qərarı ilə dissertasiya işinin irad və təkliflər nəzərə alınmaqla müdafiəyə təqdim olunması tövsiyə olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.