Avropanın süni intellekt sahəsində tədqiqatlarla məşğul olan aparıcı mütəxəssisləri vahid ümumavropa laboratoriyasının yaradılması təklifi ilə çıxış ediblər. Alimlərin fikrincə, bu, Avropanın texnoloji baxımdan Çin və ABŞ-dan geriliyini aradan qaldırmağa kömək edəcək.
belta.by saytının məlumatına görə, hazırda süni intellektin inkişafı elmi-tədqiqat fəaliyyətində prioritet istiqamətlərdəndir. Bununla yanaşı, bu sahədə texnologiyalar yaradan iri laboratoriya və mərkəzlər ABŞ ərazisində yerləşir. Həmçinin ekspertlər bildirir ki, Avropa müvafiq sahəyə investisiya qoyuluşlarının həcminə görə ABŞ və Çindən geri qalır. Bununla əlaqədar olaraq, Avropanın aparıcı universitetləri “beyin itkisi” problemi ilə üzləşir.
Avropanın elm xadimlərinin açıq məktubunda deyilir ki, yaranmış vəziyyətin dəyişdirilməsinə “ELLIS” (European Lab for Learning and Intelligent Systems) tədqiqat mərkəzinin yaradılması kömək edə bilər. Ümumavropa laboratoriyası müxtəlif ölkələrin ən yaxşı mütəxəssislərini bir araya toplayacaq ki, bu da həm fundamental, həm də tətbiqi elmin inkişafına xidmət edəcək. Alimlər ümid edirlər ki, “ELLIS” süni intellektin tədqiqi sahəsində dünya liderinə çevriləcək.
Layihənin bu il həyata keçirilməsinə başlamaq təklif edilir. Bu məqsədlə Fransa və Almaniyanın əməkdaşlığına əsaslanan hökumətlərarası təşkilatın yaradılması nəzərdə tutulur. Alimlər təşkilatda iştirak üçün Avropa İttifaqının digər ölkələrini, eləcə də İsveçrə, Böyük Britaniya və İsraili dəvət etmək niyyətindədir. Mərkəzin tədqiqat fəaliyyəti ilə yanaşı, gənc alimlər üçün maarifləndirici proqramların hazırlanması ilə məşğul olacağı planlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.