İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Sabirə Allahverdiyeva doktorant və dissertantların anket məlumatları əsasında 2003-2013–cü illərdə respublikada elmi kadr hazırlığının monitorinqini təqdim edib. İnstitutun elmi seminarında çıxış edən sektor müdirinin sözlərinə görə, 10 il ərzində ümumilikdə 12557 doktorant və dissertant qeydə alınmışdır.
Doktorant və dissertantların illər üzrə paylanması cədvəlindən məlum olub ki, onların sayının ən çox olduğu il 2007-ci il (1554), ən az olduğu il isə 2011-ci ildir (548). Doktorant və dissertantların cinsi tərkibinə görə sayına gəldikdə isə, müraciət edənlərin 6793-ü kişi, 5764-ü qadın olmuşdur. 25 yaşa qədər olanlar 12 faiz, 26-35 yaş arası 47 faiz, 36-45 yaş arası 26 faiz təşkil etmişdir.
Doktorant və dissertantların elmi istiqamətlər üzrə paylanması qrafikini təqdim edən S.Allahverdiyeva qeyd edib ki, onların əksəriyyəti ictimai-siyasi, sosial-iqtisadi və humanitar elmlərlə məşğul olanlardır. Sonrakı yerləri isə Kimya, biologiya və tibb, fizika-riyaziyyat və texnika, Yer, kənd təsərrüfatı və coğrafiya elmləri bölüşdürürlər.
Doktorant və dissertantların elm sahələri üzrə paylanması cədvəlində isə ilk 3 yer iqtisad, filologiya və texnika elmləridir.
Məruzəçi, həmçinin doktorant və dissertantların AMEA və digər elm, təhsil müəssisələri üzrə paylanması, doktorant və dissertantlarının sayına görə ilk onluqda yer alan elmi müəsissələr və s. barədə statistik məlumatları diqqətə çatdırıb.
Sonda məruzə ərtafında fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib.