AMEA İnformasiya Texnologiyaları İnstitutunda 18 saylı şöbənin 2018-ci il üzrə fəaliyyət planı müzakirə olundu. Planı təqdim edən şöbə müdiri Anar Səmidov cari ildə aparılacaq elmi-tədqiqat işləri haqqında məlumat verdi. O, İnternet mühitində reklam-marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənməsi, informasiyanın virtual məkandan real məkana transformasiyası problemləri, fraktal qrafikanın analizi istiqamətində araşdırmaların aparılacağını bildirdi.
A.Səmidov İnternet mühitində reklam-marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün məzmuna əsaslanan content-based sisteminin qurulacağını, bu istiqamətdə metod və alqoritmlərin işləniləcəyini diqqətə çatdırdı.
Şöbə rəhbəri bildirdi ki, cari il ərzində fraktal qrafika anlayışı, onun tətbiq sahələri və inkişaf perspektivləri analiz ediləcək. Həmçinin, memarlıq və ətraf mühitin layihələndirilməsi üzrə mövcud metodların təhlili, şəhərsalma konsepsiyalarının modelləşdirilməsində fraktal nəzəriyyənin rolu araşdırılacaq.
Məruzəçi cari il ərzində şöbədə informasiyanın virtual məkandan real məkana transformasiyasının, 3D texnologiyalarının tədqiqinin nəzərdə tutulduğunu vurğuladı. Yeni sənaye inqilabı, 3D çap texnologiyasının müasir istehsala təsirinin araşdırılacağını nəzərə çatdırdı.
Sonra A.Səmidov şöbədə elmi-innovasiya fəaliyyəti çərçivəsində həyata keçiriləcək işlərdən söz açdı. Qeyd etdi ki, cari il ərzində şöbədə korporativ üslubların yaradılması və kreativ dizayn layihələrinin hazırlanması, “Multimedia Qalereyası”na foto və video materialların daxil edilməsi, dünya şöhrətli alim Lütfi Zadə haqqında məlumatların toplanması, institutun əməkdaşları tərəfindən tərtib edilmiş kitab, tədris materialları, müxtəlif çap məhsullarının tərtib olunması və digər istiqamətlərdə praktiki işlər həyata keçiriləcək.
O, həmçinin şöbədə elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, tanınmış elmi jurnallarda məqalələrin nəşri, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görüləcək işləri nəzərə çatdırdı.
Sonda fəaliyyət planına dair müzakirələr aparıldı. Şöbənin elmi fəaliyyətinin gücləndirilməsi ilə bağlı təklif və tövsiyələr səsləndirildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.