Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutu və Alman Akademik Mübadilə Xidmətinin (DAAD - Deutscher Akademischer Austauschdienst) birgə təşkilatçılığı ilə “Almaniyada gənc alimlər üçün elmi-tədqiqat imkanları” mövzusunda konfrans və “Elmi-tədqiqata ilk addım” adlı təlim seminarı keçirildi. Azərbaycanlı doktorant və gənc alimlər üçün nəzərdə tutulan tədbir Almaniyanın Təhsil və Tədqiqat Nazirliyinin (BMBF) maliyə dəstəyi ilə həyata keçirilir.
İnformasiya Texnologiyaları İnstitutunda təşkil edilən konfransda Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin daimi müşaviri Volfqanq Mössinger, DAAD-ın Bakı Məlumat Mərkəzinin direktoru Nikola Uliş, Alman tədqiqat mərkəzlərinin Helmholts Assosiasiyasından Dr. Stroink, həmçinin doktorant, dissertant, gənc alim və magistratura pilləsində təhsil alan tələbələr iştirak edirdilər.
Konfransı giriş sözü ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik-katibi və müxbir üzvü, professor Rasim Əliquliyev açaraq tədbirin əhəmiyyətini qeyd etdi, alim və tələbələrin mübadiləsinin təşkilinin elm və təhsilin davamlı inkişafına xidmət edən amillərdən olduğunu bildirdi.
Qeyd etdi ki, son zamanlar AMEA-da aparılan islahatların əsas istiqamətlərindən biri də beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlıdır. Bu məqsədlə akademiyada elm sahəsində dünyanın qabaqcıl ölkələrinin nümayəndələri ilə birgə layihələrdə iştirak, kadr və təcrübə mübadiləsini həyata keçirmək məqsədilə mütəmadi görüşlər keçirilir. Alman Akademik Mübadilə Xidməti ilə davamlı əməkdaşlıq, birgə konfrans və seminarların təşkili də bu qəbildəndir.
Alim dünyanın ən böyük elmi potensiala malik ölkələrindən olan Almaniya ilə tərəfdaşlığın Azərbaycan elminin inkişafında əhəmiyyətli rol oynayacağına əminliyini ifadə etdi. Gənc tədqiqatçılarımızın dünyanın nüfuzlu elmi təşkilatlarına inteqrasiyası və ölkəmizdə yüksək ixtisaslı kadrların yetişməsi baxmından bu kimi konfransların davamlı olaraq keçirilməsinin vacibliyini önə çəkdi.
Almaniyanın Azərbaycandakı səfirliyinin daimi müşaviri V.Mössinger son zamanlar DAAD-ın təqaüd proqramlarında iştirak etmək istəyən Azərbaycanlı gənc tədqiqatçıların sayının artdığını və bunun təqdirəlayiq hal olduğunu vurğuladı. Tədbir iştirakçılarını Almaniyanın müxtəlif elmi-tədqiqat institutları və universitetlərində öz təhsillərini davam etdirərək dünya elminə inteqrasiya etməyə və elmi biliklərini daha da dərinləşdirməyə səslədi.
N.Uliş “Almaniyada elmi-tədqiqat imkanları” və “Azərbaycan üçün təqaüd və maliyə proqramları”, Dr. Stroink isə “Alman tədqiqat mərkəzlərinin Helmholts Assosiasiyası” mövzusunda təqdimatlarla çıxış etdilər.
Tədbirdə Almaniyada doktorantura təhsili almaq, elmi-tədqiqat işləri aparmaq üçün qəbul prosesi və təqaüd imkanları haqqında ətraflı məlumat verildi. Bu proqramlarda iştirak etmək üçün qoyulan tələblər, elmi-tədqiqatın ilkin layihəsinin hazırlanması qaydası, layihələrin növləri, əsas tədqiqat sahələri və s. haqqında ətraflı məlumat verildi. Təqaüd proqramlarına qoşulmaq üçün ingilis və ya alman dili biliyinin zəruriliyini diqqətə çatdırıldı. Proqrama tədqiqatçının Almaniyada yaşayış xərcləri ilə yanaşı, yol və sığorta xərclərinin də daxil olduğu bildirildi.
Konfransın davamı olan “Elmi tədqiqata ilk addım” mövzusunda keçirilən təlim seminarında isə iştirakçılara elmi ədəbiyyata çıxış, tədqiqat nəticələrinin nəşri, Almaniyadan elmi rəhbərin təyin edilməsi, DAAD təqaüdləri və qrantlarına müraciət qaydalarından bəhs edən təqdimatlar oldu, çıxışlar edildi.
3 gün davam edəcək təlim seminar iştirakçılarına sonda sertifikatlar təqdim ediləcək.
Qeyd edək ki, akademik və elm sahəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişafına dəstək verən DAAD dünyada alim və tələbələrin mübadiləsini dəstəkləyən ən böyük təşkilatdır. 1925-ci ildən fəaliyyətə başlayan qurumun əsas vəzifəsi tələbə və alimlərin mübadiləsi vasitəsilə xarici ölkələrlə akademik münasibətlərin qurulması və davamlı inkişafının təmin edilməsidir.