Doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanları başlanıb

16 Yanvar 2018 - 15:46 | Mühüm hadisələr

Yanvarın 15-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanlarına start verilib.

2017-ci ilin sentyabr ayından başlayaraq imtahanlara hazırlıq məqsədilə doktorant və dissertantlar üçün institutun Tədris-İnnovasiya Mərkəzində (TİM) müxtəlif müddətli kurslar təşkil olunub. Bu kurslarda informatikanın nəzəri və praktiki əsasları tədris edilib. Elmi tədqiqatçılar üçün sınaq imtahanları keçirilib, imtahanın ümumi qaydaları haqqında zəruri məlumatlar verilib.

Qeyd edək ki, imtahanlar ildə 2 dəfə - yanvar və iyun aylarında keçirilir. Müdafiə ərəfəsində olan doktorant və dissertantlar üçün isə aprel və oktyabr aylarında növbədənkənar imtahanlar təşkil olunur.

Xatırladaq ki, 2003-cü ildən etibarən respublikanın bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu mərkəzləşdirilmiş qaydada İnformasiya Texnologiyaları İnstitutunda keçirilir. AMEA rəhbərliyinin təşəbbüsü ilə doktorant və dissertantlar üçün informatika fənni üzrə doktorluq imtahanları 2013-cü ilin iyun ayından başlayaraq elektron test üsulu ilə aparılır. AMEA  Gəncə Bölməsi, Naxçıvan Dövlət Universiteti və AMEA Naxçıvan Bölməsində institutun distant tədris mərkəzləri fəaliyyət göstərir. Gəncə və Naxçıvanda yaşayan doktorant və dissertantlar üçün müvafiq dərslər TİM tərəfindən distant formada tədris olunur. 2016-cı ildən həmin bölgələrdə yaşayan elmi tədqiqatçılar üçün informatika fənni üzrə imtahanlar da İnternet üzərindən distant formada keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.