AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi şuranın növbəti iclası keçirildi. İnstitutun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi qurumun struktur bölmələrinin 2017-ci il üzrə əldə etdiyi elmi nəticələr haqqında çıxış edərək bildirdi ki, hesabat ilində institut əməkdaşları tərəfindən informasiya texnologiyaları və informasiya cəmiyyətinin elmi-nəzəri problemləri istiqamətində aparılan araşdırmaların nəticələri dünyanın nüfuzlu elmi jurnallarında nəşr olunmuşdur. Həmçinin institutda elmi-praktiki konfrans və seminarlar keçirilmiş, müxtəlif problemləri əhatə edən model və metodlar təklif olunmuşdur.
Alim 2017-ci il ərzində institutun müxtəlif beynəlxalq qurumlar və assosiasiyalarla əməkdaşlıq qurduğunu, beynəlxalq layihələrdə, regional telekommunikasiya şəbəkəsinin yaradılmasında iştirak etdiyini, xarici alimlərlə birgə elmi tədqiqatların aparıldığını, xarici səfərlərin, görüşlərin keçirildiyini qeyd etdi.
Bu yaxınlarda institutun struktur bölmələrinin 2018-ci il üçün fəaliyyət planlarının müzakirə olunacağını qeyd edən R.Əliquliyev cari ildə hər bir şöbənin fəaliyyətinin yenidən təşkilinin vacibliyini vurğuladı.
Alim institut əməkdaşlarına rəqabətədavamlı elmi problemlərlə məşğul olmağı, beynəlxalq səviyyəli jurnallarda məqalələr nəşr etdirməyi, elmi tədqiqatlarda riyazi modelləşdirmədən daha geniş istifadə etməyi və riyazi mədəniyyətin formalaşdırılması istiqamətində tədbirlər görməyi tövsiyə etdi.
Respublika və beynəlxalq səviyyəli elmi qrantlarda iştirak barədə məlumat verən akademik institut əməkdaşlarını cari ildə də Dövlət Proqramları, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu, həmçinin Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən maliyyələşdirilən layihələrdə fəal iştirak etməyə səslədi.
Sonra R.Əliquliyev şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayevin Avropa Birliyinin “Horizon 2020” proqramı çərçivəsində İKT istiqaməti üzrə milli əlaqələndirici şəxs seçilməsi haqqında məlumat verərək onun qarşısında duran vəzifələri diqqətə çatdırdı.
Tədbirdə, həmçinin institutun doktorantura və dissertanturasına qəbul məsələləri müzakirə olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.