Həkimlər “Wikipedia”da tibbi sahə ilə bağlı məqalələri oxumağı qadağan ediblər

02 İyun 2014 - 15:00 | Texnoloji yeniliklər
Həkimlər “Wikipedia”da tibbi sahə ilə bağlı məqalələri oxumağı qadağan ediblər

Dünyanın ən böyük onlayn-ensiklopediyası olan “Wikipedia”da sağlamlıqla bağlı məqalələrin 90%-i etibarlı deyil. Bunu "Journal of the American Osteopathic Association” jurnalında dərc olunmuş tədqiqatların nəticələri göstərib. Həkimlərin ən böyük şəbəkəsi olanDoctors Lounge-un qeyd etdiyinə görə, amerikalı alimlər 10 xəstəlik – astma, depressiya, ağ ciyər xərçəngi, şəkər, ürək, osteoartrit, bel nahiyəsi və digər problemlər üzrə məlumatları tutuşdurublar. Nəticədə məqalələrin əksəriyyətində ciddi səhvlərə yol verildiyi aşkar olunub. 

Mütəxəssislərin sözlərinə görə, prinsip etibarilə, insanın öz xəstəliyi ilə bağlı daha çox məlumat almaq istəməsi təbii haldır. Lakin Valleys Osteopatik Tibb məktəbinin mütəxəssisi Robert Hasti “Wikipedia”dakı məqalələrin peşəkarların ciddi nəzarəti altında yoxlanılmadığını deyib. 

Bəzi həkimlər isə ümumiyyətlə, İnterneti tibbin təhlükəli düşməni hesab edirlər. Dünyada hər-hansısa bir xəstəliklə bağlı simptomların axtarışı və hətta özünümüalicə üçün şəbəkəyə müraciət edənlərin sayı getdikcə artmaqdadır. İpoxondriklərin (bir və ya bir neçə xəstəliyə tutulmaq ehtimalından daim narahat olan insan) bu yeni nəsli mütəxəssislərdən daha çox İnternet-forumlara etibar edir ki, bu da həkimlərin işini çətinləşdirir. 

Həkimlərin sorğularına görə, əksər pasiyentlər özlərini tibb sahəsində ekspert hesab edir. Həkimlərin 50%-i etiraf edib ki, İnternetin sayəsində onların xəstələrlə münasibətləri daha da çətinləşib. 90%-i isə pasiyentlərin öz simptomlarını şəbəkədəki məlumatlarla tutuşduraraq səhhətlərinin daha acınacaqlı vəziyyətdə olduğunu düşünməyə meylli olduğunu bildirib.