İnstitutda Malayziya Texniki Universitetinin nümayəndələri ilə görüş keçirildi

10 Noyabr 2017 - 16:00 | Görüşlər

Noyabrın 8-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda Malayziyanın Malakka ştatında yerləşən Malayziya Texniki Universitetinin (MTU) fəxri professoru Datuk Şahrin Sahib (Datuk Shahrin Sahib) və MTU-nun İnformasiya Təhlükəsizliyi üzrə professoru, Elmin menecmenti və innovasiya mərkəzinin direktor müavini Rabiya Əhməd (Rabiah Ahmad) ilə görüş keçirildi.

Görüşdə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, şöbə müdirləri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev və texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov iştirak edirdilər.

Məqsəd iki qurum arasında informasiya texnologiyaları sahəsində əməkdaşlıq əlaqələrinin qurulması və elmi tədqiqat imkanlarının müzakirəsi idi.

Tədbiri giriş nitqi ilə açan R.Ələkbərov institutun əsas fəaliyyət istiqamətləri haqqında məlumat verdi, informasiya texnologiyaları və informasiya cəmiyyəti problemlərinin müxtəlif istiqamətləri üzrə aparılan elmi tədqiqatlar barədə danışdı. Bildirdi ki, qurumda informasiya təhlükəsizliyi, Big Data, biometrik texnologiyalar, informasiya və biliklər iqtisadiyyatı, proqram mühəndisliyi, e-dövlətin formalaşması, e-təhsil, e-tibb və s. istiqamətlərdə araşdırmalar aparılır. 

İnstitutun Tədris-İnnovasiya Mərkəzinin fəaliyyəti haqqında məlumat verən alim bildirdi ki, ölkənin bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu, eləcə də AMEA-nın magistrlərinə magistratura fənlərinin tədrisi və imtahanların qəbulu bu mərkəzdə həyata keçirilir.

Alim qonaqlara institutun AzScienceNet elm-kompüter şəbəkəsi barədə də məlumat verdi. AzScienceNet-in AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli İnternet xidmətləri göstərdiyini, elm və təhsil şəbəkələri üzrə milli operator olaraq Azərbaycan elminin dünya elminə inteqrasiyasında mühüm rol oynadığını qeyd etdi. Onun sözlərinə görə, AzScienceNet vasitəsilə AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşlarına Wi-Fi, Cloud Computing, Cloud Storage, Klaster Hesablama, Hosting, Eduroam, e-kitabxana, distant tədris və s. xidmətlər göstərilir.

R.Ələkbərov AzScienceNet şəbəkəsində informasiya təhlükəsizliyi insidentlərini cavablandırma qrupu olan AzScienceCERT-in fəaliyyətindən danışaraq bildirdi ki, AzScienceCERT AzScienceNet şəbəkəsində informasiya təhlükəsizliyi risklərinin idarə edilməsini təmin edir.

Alim, həmçinin İT sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığı, elmi əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində institutda görülən işləri də diqqətə çatdırdı.

Sonra D.Ş.Sahib MTU-nun fəaliyyət istiqamətləri haqqında məlumat verərək 3 şəhərcikdən ibarət olan qurumda texnologiya və mühəndislik sahələri üzrə təhsilin həyata keçirildiyini diqqətə çatdırdı. Qeyd etdi ki, universitetdə 81 proqram üzrə 11 mindən çox tələbə (8 min bakalavr, 720 magistr, 417 fəlsəfə doktoru və s.) təhsil alır. Onun sözlərinə görə, 2016-cı ildə qurumun ümumilikdə 2792 nəfər məzunu olmuşdur.

Bakı şəhərinə “Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzləri”nin “Gələcək təhlükələrin müəyyənləşdirilməsi” (Uncovering Future Threats) adlı 9-cu beynəlxalq illik konfransında iştirak üçün gəldiklərini söyləyən qonaq bu müddət ərzində Azərbaycanda fəaliyyət göstərən ali təhsil və elmi-tədqiqat müəssisələri ilə İKT, mühəndislik, texnologiya və onun idarə olunması sahələrində əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə görüşlər keçirdiklərini qeyd etdi.

D.Ş.Sahib İnformasiya Texnologiyaları İnstitutunda yaradılmış şəraiti yüksək qiymətləndirdi, institutun əməkdaşlarını fəaliyyət göstərdiyi universitetin beynəlxalq jurnallarında məqalələrini dərc etdirməyə dəvət etdi.  

Daha sonra MTU-nun fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu.

Sonda qarşılıqlı fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Hər iki qurum arasında əməkdaşlıq əlaqələrinin qurulmasına dair razılıq əldə olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.