Məlumdur ki, son zamanlar AMEA-da ölkə elminin inkişafı və alimlərin fəaliyyətinin beynəlxalq aləmdə tanıdılması istiqamətində kompleks tədbirlər görülür. Müasir dövrdə tədqiqatlar apararkən nüfuzlu elmi bazalardan, jurnallardan istifadə etmək, dünya təcrübəsi ilə tanış olmaq və daha səmərəli elmi fəaliyyətlə məşğul olmaq üçün ingilis dilini bilmək ən vacib məsələlərdəndir.
AMEA prezidenti, akademik Akif Əlizadə rəhbərlik etdiyi qurumda ingilis dilinin tədrisinə xüsusi önəm verərək, institut və təşkilatlar qarşısına xarici dil kurslarının təşkili ilə bağlı mühüm vəzifələr qoymuşdur. İnformasiya Texnologiyaları İnstitutunda bu vəzifələrin həyata keçirilməsi ilə bağlı bir sıra tədbirlər görülür.
Bu gün institutun Tədris-İnnovasiya Mərkəzində “English websites for learners” (“İngilis dilini öyrənmək istəyənlər üçün veb-saytlar”) mövzusunda elmi seminar keçirildi. Məruzəni təqdim edən Mərkəzin əməkdaşı İlahə İsmayılzadə bildirdi ki, ingilis dilinin tədrisini həyata keçirən, müxtəlif xüsusiyyətlərə malik çoxsaylı İnternet resursları mövcuddur. O, nümunə olaraq LinguaLeo və Puzzle English saytları haqqında məlumat verdi. Qeyd etdi ki, bu kimi saytlarda tədris prosesini effektiv etmək məqsədilə gündəlik olaraq istifadəçinin e-poçt ünvanına fərdi tapşırıqlar göndərilir. Bu resurslarda söz və söz birləşmələrini, qrammatikanı öyrənmək, ingilis dilində məqalələr oxumaq, mahnılar dinləmək, paralel olaraq mətnlə birgə təqdim olunan videolara baxmaq mümkündür.
DuoLingo saytı haqqında məlumat verən İ.İsmayılzadə qeyd etdi ki, bu İnternet resursu dünyada dilin tədris kateqoriyasında yer alan ən populyar saytlardan biridir və öyrənməyə yeni başlayanlar üçün universal bir saytdır. Burada tədrisin oyunlar formasında aparılması daha səmərəli nəticələr əldə etməyə və tapşırıqları sürətli qavramağa imkan verir.
O, həmçinin ingilisdilli saytlara nümunə olaraq, EngVid, BBC Learning English, British Council, MyEnglishTeacher və digərləri haqqında məlumat verdi. Qeyd etdi ki, bu saytlar əsas etibarilə müəyyən dil biliklərinə malik olanlar üçün məqsədəuyğundur. Məsələn, EngVid-də peşəkar müəllimlər tərəfindən ingilis dilində videodərslər təqdim edilir.
İ.İsmayilzadə BBC Learning English və British Council saytları haqqında da məlumat verərək burada istifadəçilərə Britaniya ləhcəsində çoxsaylı material, interaktiv dərslər, məqalələr, sual-cavab rubrikasının təqdim olunduğunu diqqətə çatdırdı.
Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, bir sıra təkliflər səsləndirildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.