“Transliterasiya” informasiya sistemi işlənilir

06 Oktyabr 2017 - 10:04 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 16 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. Şöbə əməkdaşı Səbinə Məmmədzadə “Transliterasiya” informasiya sisteminin işlənməsi” haqqında məruzəsini təqdim etdi. O, transliterasiya sahəsində xarici təcrübə, İSO standartları, “Transliterasiya” informasiya sisteminin məqsəd və vəzifələri, onun arxitekturunun işlənməsi, həmçinin Azərbaycanda bu sahədə mövcud vəziyyət haqqında danışdı.

S.Məmmədzadə bildirdi ki,“Transliterasiya” informasiya sisteminin məqsəd və vəzifələrinə axtarış zamanı İnternetdə sözlərin doğru yazılışı, mətnin bir əlifbadan digərinə düzgün keçidi, milli konvertasiya standartlarının qəbul edilməsi, dünya azərbaycanlıları arasında qrafika problemini aradan qaldırmaqla ümumi informasiya mühitinin yaradılması daxildir.

Məruzəçi “Transliterasiya” informasiya sisteminin arxitekturunun işlənməsi sxemini təqdim etdi. Bildirdi ki, ilk mərhələdə konvertasiya cədvəlləri transliterasiya sisteminə tətbiq edilir. Sonra isə transliterasiya prosesi, onun qiymətləndirilməsi və ictimai rəyin alınması həyata keçirilir.

S.Məmmədzadə Azərbaycanda transliterasiya sahəsində mövcud vəziyyət barədə də məlumat verdi. Onun sözlərinə görə, Avropa Parlamentinin Terminologiya üzrə Koordinasiya şurası terminologiya sahəsində tədqiqat və idarəetmə məsələlərinin həllində tərcüməçilərə qurumlar arasında əlaqələndirmə, seminar, layihə, treninq kimi xidmətlər göstərir.

O, həmçinin transliterasiya sahəsində xarici təcrübəyə dair nümunələr göstərərək, onları təhlil etdi.

Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.