Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda 16 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Şöbə əməkdaşı Sərxan Yolçuyev “Elmi jurnalın veb-saytının işlənməsi” haqqında məruzəsini təqdim etdi.
O, öncə elmi jurnallarda müəllif, rəyçi və redaktor kimi istifadəçi tiplərinin mövcud olduğunu diqqətə çatdırdı. Məqalələrin rəydən keçirilməsi prosesi haqqında ətraflı məlumat verən məruzəçi bu prosesin müəyyən ardıcıllıqla həyata keçirildiyini qeyd etdi. Bildirdi ki, ilk olaraq məqalə müəllif tərəfindən əlavə olunur. Redaktor ilkin baxışı həyata keçirir və məqalə rəyçiyə göndərilir. Rəyçi iradlar bildirdikdən sonra səhvlər aradan qaldırılır, son mərhələdə məqalə rəyçi və redaktor tərəfindən təsdiq olunur.
S.Yolçuyev, həmçinin elmi jurnalların veb-saytlarında tətbiq olunan proqram təminatları, proqram təminatı üzərinə qoyulan tələblər, onlayn elmi jurnallar haqqında məlumat verdi.
Sonda məruzə ətrafında geniş müzakirələr aparıldı, müəyyən irad və təkliflər səsləndirildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.