Verilənlər kubu texnologiyasına dair araşdırmalar aparılıb

14 İyul 2017 - 16:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 13 saylı şöbənin “Data Mining: Concepts and Techniques” kitabı əsasında aparılan “Data Mining” kursu üzrə növbəti elmi seminarı keçirildi. Seminar kitabın 5-ci fəslinin – “Verilənlər kubu texnologiyası” mövzusunun müzakirəsinə həsr olunmuşdur.

İnstitutun magistrantı Şəlalə Mansurova məruzəni təqdim edərək kitabın qeyd olunan fəslini əhatə edən məsələlərə dair məlumat verdi. Bildirdi ki, verilənlər kubu kuboidlərdən təşkil olunmuş şəbəkədir. O, kuboidlərin “apex”, “full”, “base” və verilənlər kublarının “prediction”, “multifeature” kimi növləri, verilənlər kublarının effektiv hesablanması üçün bir neçə optimallaşdırma üsulları barədə danışdı.

“Verilənlər kubu çoxölçülü sorğuların onlayn analitik emalı ilə yanaşı, axtarış və data mining (verilənlərin intellektual analizi) üçün də effektivdir”, –  deyə məruzəçi bildirdi. Ş.Mansurova top-k sorğusundan da söz açaraq onun istifadəçinin seçimindən asılı olaraq ən yaxşı k sayda nəticə əldə etməyə imkan verdiyini qeyd etdi. Məruzəçinin sözlərinə görə, bu halda istifadəçilər 2 komponentə (seçmə şərti və ranqlaşdırma funksiyası) əsasən üstünlüyü təyin edir.

Ş.Mansurova, həmçinin kubların hesablanması üçün “multiway”, “star-cubing”, “BUC” alqoritmi və s. metodlar barədə məlumat verdi.  

Verilənlər anomaliyalarının müəyyənləşdirilməsi üçün “SelfExp”, “InExp”, “PathExp” kimi göstəricilərdən istifadə olunduğunu söyləyən məruzəçi bildirdi ki, bu göstəricilərin ölçüsü qalığın hesablanmasına əsaslanır və o, verilənlər xanasının öz qiyməti ilə gözlənilən qiymətlərinin fərqinə bərabər kəmiyyətdir.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Magistrantın elmi rəhbəri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev bu istiqamətdə tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.