AMEA İnformasiya Texnologiyaları İnstitutunda 13 saylı şöbənin növbəti elmi seminarı keçirildi. İnstitutun elmi işçisi Günay Niftəliyeva “Onlayn mühitlərdə terrorizmlə bağlı fəaliyyətin aşkarlanması metodlarının analizi” mövzusuna dair bir sıra nüfuzlu jurnallarda nəşr olunmuş məqalələri təhlil etdi.
G.Niftəliyeva “Terror aşkarlama sistemindən istifadə edərək terrorla əlaqəli veb-saytlara girişin aşkarlanması”, “İnternetdə terrorla əlaqəli fəaliyyətin aşkarlanması üçün yanaşma”, “İnternetdə terrorla əlaqəli məqalələrin aşkarlanması üçün mətn analizi”, “Terrorizmlə əlaqəli mətn sənədlərinin aşkarlanması” və “Terrorist şəbəkələrdə əsas oyunçuların aşkarlanması” adlı məqalələrin analiz olunduğunu qeyd etdi. Məruzəçi bu məqalələrdə öz əksini tapmış terrorizmlə əlaqəli mətnlərin klassifikasiyası, sənədlərin aşkarlanması, İnternetdə terrorist qrupların aşkarlanması və s. ilə bağlı məsələlərin araşdırıldığını bildirdi.
O, qeyd olunan məqalələrin “Journal of the American Society for Information Science and Technology”, “International Journal of Advance Research and Innovative Ideas in Education”, “Journal of Network and Computer Applications”, “IEEE International Conference on Social Computing”, “European Intelligence and Security Informatics Conference”da nəşr olunduğunu diqqətə çatdırdı.
Sonra çıxış edən şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev məruzə ilə bağlı tövsiyələrini səsləndirdi, bu istiqamətdə araşdırmaların davam etdirilməsinin və yeni məqalənin hazırlanaraq nəşr olunmasının zəruriliyini vurğuladı.
Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.