Gələcək nəsil elektron kitabxanaların formalaşması prinsipləri araşdırılır

05 İyul 2017 - 14:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 12 saylı şöbəsinin cari il üzrə 6 aylıq hesabatı dinlənildi. Hesabatı təqdim edən şöbə müdiri Mədinə Səidova cari ildə şöbədə bibliometrik üsulların elektron kitabxana mühitində tətbiqi imkanlarının və gələcək nəsil elektron kitabxanaların formalaşması prinsiplərinin araşdırılması istiqamətlərində tədqiqatların aparıldığını bildirdi. Qeyd etdi ki, şöbədə həmçinin elmi jurnal və tədqiqatçıların qiymətləndirilməsi üçün indekslərin işlənilməsi, bibliometrik verilənlərin intellektual analizi əsasında elmin perspektiv istiqamətlərinin müəyyən edilməsi, eləcə də sosial şəbəkələrdə informasiyanın təsirinin modelləşdirilməsi üzrə araşdırmalar aparılıb.

M.Səidova elmi-innovasiya fəaliyyəti çərçivəsində görülmüş işlər haqqında məlumat verdi. Bu istiqamətdə institutda “Elmmetriya saatı” interaktiv seminarının təşkil edildiyini, bu seminarlarda istinad indeksləri və onların müqayisəli təhlili, beynəlxalq elmi baza və reyestrlərdə identifikasiya problemləri, “Web of Science” və “Scopus” bazaları, “Researchgate.net” elmi sosial şəbəkəsində qeydiyyatdan keçmə qaydaları və s. məruzələrin təqdim olunduğunu bildirdi. Elmmetriya sektorunun institut əməkdaşlarına mütəmadi olaraq bu bazalardan istifadə ilə əlaqədar dəstək göstərdiyini diqqətə çatdırdı.

O, bildirdi ki, şöbədə, həmçinin institutun nəşrlərinə və “Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” I respublika konfransının materiallarına DOI nömrələrinin verilməsi, “Viki qrup”un fəaliyyətinə nəzarət, əməkdaşların elmi bazalar və elmi sosial şəbəkələrdən istifadə qaydaları haqqında məlumatlandırılması və s. işlər həyata keçirilib.

M.Səidova Elektron Kitabxana Mərkəzinin hesabatını da təqdim edərək mərkəzdə kitabların ABŞ Konqres kitabxanası təsnifat sistemi ilə təsnifatlaşdırılması, fiziki işlənməsi, resursların sistemə daxil olunması, təhlükəsizliyinin təmin olunması və s. işlərin görüldüyünü vurğuladı.

Şöbə müdiri beynəlxalq əməkdaşlıq əlaqələri istiqamətində institut əməkdaşlarına EBSCO, eİFL və s. kimi informasiya bazalarından istifadə imkanlarının yaradıldığını və “Exlibris” şirkəti ilə Alephino Kitabxana İdarəetmə Sisteminin təkmilləşdirilməsi və müşaiyəti ilə əlaqədar əməkdaşlığın aparıldığını bildirdi.

M.Səidova, həmçinin şöbə əməkdaşlarının elmi-texniki konfranslarda iştirakı, AR Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunmuş beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri və s. ilə bağlı görülmüş işlərdən danışdı.

Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək bibliometriya və gələcək nəsil e-kitabxanaların elmi-nəzəri əsaslarının, bu sahələrdə mövcud beynəlxalq təcrübənin öyrənilməsinin vacib məsələlərdən olduğunu bildirdi. Alim bu istiqamətdə tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə etdi.  

Hesabatla bağlı fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.