AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarının növbəti iclası keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verdi.
Sonra institutun sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Rəna Qasımova “İnformasiya cəmiyyəti şəraitində rəqəmsal irsin qorunması və konseptual baxışlar” mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, rəqəmsal irs (Rİ) rəqəmsal formada yaradılmış və ya mövcud analoq resurslarından rəqəmsal formaya çevrilmiş mədəniyyət, təhsil, elm və inzibati sahələrə aid resursları, həmçinin texniki, hüquqi, tibbi və digər informasiya növlərini əhatə edən məhfum kimi müəyyən edilir. Rİ-nin itmə təhlükəsi, texnoloji infrastruktur, saxlama, texniki, təhlükəsizlik və s. problemləri barədə məlumat verən məruzəçi bu problemlərin Rİ-nin qorunub saxlanmasının aktuallığını getdikcə daha da artırdığını qeyd etdi.
R.Qasımova qeyd etdi ki, rəqəmsal texnologiyaların yaranması ilə daşıyıcıların geniş miqyasda artımının müşahidə olunması bu daşıyıcıların istifadəsi zamanı format problemlərinin həllini zəruri edir. “İrs idarələri yeni nəşr və yaddaş qurğularının öz kolleksiyaları çərçivəsində birləşdirmək üsullarını axtarıb tapmalıdırlar”, – deyə bildirən məruzəçi bu problemlərlə mübarizə üsullarını təqdim etdi.
Onun sözlərinə görə, Rİ-nin toplandığı daşıyıcının dağılması, proqram təminatının yenilənməsinə ehtiyac duyulması, köhnə materialları emal edə bilməyən yeni kompüter sistemləri və xarici qurğuların tətbiqi kimi məsələlər rəqəmsal materialların əlyetərliyinə maneə törədir.
O, rəqəmsal informasiyanın yenilənmə, replikasiya, miqrasiya, emulyasiya, inkapsulyasiya metodlarından istifadə etməklə saxlanıldığını nəzərə çatdırdı, uzunmüddətli saxlamanın təmin olunması üçün müxtəlif metodların birləşməsindən istifadə etməyin vacibliyini vurğuladı.
Son onillikdə beynəlxalq ictimaiyyətin Rİ-nin üzunmüddətli saxlanması və ona əlyetərliyin təmin olunmasına böyük diqqət göstərdiyini söyləyən məruzəçi bu sahədə həm beynəlxalq səviyyədə, həm də ayrı-ayrı ölkələr tərəfindən çox sayda proqram və layihələrin reallaşdırıldığını bildirdi. Məruzəçinin sözlərinə görə, dünyada Rİ-nin qorunması məsələləri bir çox beynəlxalq hökumətlərarası və ictimai təşkilatların, ilk növbədə BMT-nin Elm, Təhsil və Mədəniyyət təşkilatı – YUNESKO-nun diqqət mərkəzindədir.
Sektor müdiri bu sahədə qəbul olunmuş beynəlxalq sənədlərdən söz açaraq “Kitabxana materiallarının mühafizəsi üzrə beynəlxalq fəaliyyətlərin direktivləri”, “Dünyanın yaddaşı” proqramı, “Mədəni müxtəliflik haqqında ümumi bəyannamə”, “İnformasiya hamı üçün” beynəlxalq proqramı, “Rəqəmsal irsin saxlanması haqqında Xartiya” haqqında geniş məlumat verdi.
O, həmçinin rəqəmsal irsin qorunub-saxlanmasında dünya ölkələrinin təcrübəsindən söz açaraq Avstraliyada həyata keçirilən “Pandora” layihəsi, İsveçin “Kulturarw3 heritage” layihəsi, Finlandiyanın “Eva” layihəsi, Rusiya Federasiyasının dövlət arxivi, Niderlandın Beynəlxalq Sosial Tarix İnstitutu, ABŞ-ın İnternet arxivi, Kanadanın “Library and archives Canada” departamenti, eləcə də, “Athena” və “Europeana” Avropa layihələrinin bu istiqamətdə xüsusi rola malik olduğunu qeyd etdi.
2005-ci ildə YUNESKO və dünyanın 32 kitabxanasının birgə yaratdığı “Dünya Rəqəmsal Kitabxanası” barədə məlumat verən məruzəçi qeyd etdi ki, kitabxananın məqsədi dəyərli nadir materialları hər kəs üçün əlyetər etməkdir: “Bu kitabxanada pulsuz olaraq dünyanın hər yerindən nadir kitabları, əlyazmalarını oxumaq, filmlər izləmək və şəkillərə baxmaq mümkündür.
Məruzəçi Rİ üzrə beynəlxalq standartlar, bu sahə üzrə keçirilən konfranslar, nəşr olunan elmi əsərlər, Azərbaycanda milli irsin qorunması, saxlanması və rəqəmsallaşdırılması sahəsində görülən tədbirlər, qəbul olunan proqram və sərəncamlar, AMEA-da həyata keçirilən “Milli rəqəmsal yaddaş” layihəsi, eləcə də ölkəmizdə elektron kitabxanalar və arxivlərdə mövcud olan problemlər haqqında ətraflı məlumatları diqqətə çatdırdı.
Sonra R.Qasımova Rİ-nin saxlanılmasına dair təklif və tövsiyələrini səsləndirdi. Bildirdi ki, bu məqsədlə Azərbaycanın milli irsin qorunması, saxlanması və rəqəmsallaşdırılmasında beynəlxalq təcrübə, texnoloji yeniliklər və inkişaf meyilləri nəzərə alınmalı, vətəndaş, cəmiyyət, dövlət prioritetləri və onların İC-nin imkanlarından səmərəli istifadəsi əsas götürülməlidir. Azərbaycanda bu irslərə daxil olan obyektlərin rəqəmsallaşdırılması, saxlanılması, lazımi səviyyədə mühafizəsi, tanıdılması və əlyetərliyi təmin edilməli, o cümlədən bütün xalqların, dövlətlərin, mədəniyyət və dillərin ədalətli təmsilçiliyinin təmin olunması üçün Rİ-ni təşkil edən sənədlər daim əlyetər olmalı və digər tədbirlər həyata keçirilməlidir.
Sonda R.Qasımova qeyd etdi ki, rəqəmsal irsin saxlanması dövlətin və informasiya cəmiyyətində maraqlı tərəflərin üzərinə qoyulan yeni vəzifədir. Bu fasiləsiz fəaliyyət yalnız irs idarələri tərəfindən deyil, dövlət, digər məsul şəxslər, informasiya istehsalçıları və istifadəçilər, proqram təminatı istehsalçıları və peşəkar beynəlxalq assosiasiya və təşkilatlar tərəfindən öhdəliklərin qəbulu və iştirakını tələb edir.
Sonra çıxış edən akademik Rasim Əliquliyev mövzunun aktuallığına diqqət yönəldərək müasir dövrdə rəqəmsal irsin qorunmasının bütün dünyanı narahat edən qlobal problemlərdən olduğunu bildirdi.
Akademikin sözlərinə görə, elektron hüquqi dövlətdə ölkə əhəmiyyətli informasiya resurslarının saxlanması, qorunması və əlyetərliyinin təmin olunması əsas təhlükəsizlik problemlərindəndir: “Elektron məlumatların reyestri ilə bağlı hüquqi-normativ baza təkmilləşdirilməli, milli konsepsiya işlənilməli, ölkə üzrə vahid sistem yaradılmalıdır”.
Elektron arxiv ənənəsinin formalaşdırılması sahəsində beynəlxalq təcrübənin araşdırılmasının vacibliyini önə çəkən alim dövlət informasiya resurslarının arxivləşdirilməsi, etibarlı qorunması və istismarı ilə bağlı standartlar və təlimatların hazırlanmasının məqsədəuyğun olduğunu qeyd etdi.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.