Süni intellekt insanın danışığını avtomatik fərqləndirəcək

14 İyun 2017 - 11:53 | Texnoloji yeniliklər
Süni intellekt insanın danışığını avtomatik fərqləndirəcək

Müxtəlif görüşlər və əyləncəli tədbirlərdə tez-tez iştirak edən insanlar bilirlər ki, çox sayda insanın olduğu məkanlarda astadan danışan onlarla insan arasında fikri bir nəfərin nitqi üzərində cəmləşdirmək üçün o qədər də böyük diqqət tələb olunmur.

İnsan beyni onu maraqlandıran həmsöhbətin danışığını ayırd etmək üçün ən mürəkkəb işi öz üzərinə götürür. Yeni texnologiya  ümumi səs-küydən bir insanın danışığının avtomatik fərqləndirilməsini nəzərdə tutur.  

Yaponiyanın “Mitsubishi Electric” şirkətinin mütəxəssisləri bu sahədə sıçrayış etməyə nail olublar. Mayın 24-də Tokioda keçirilən “R&D Open House” tədbirində ictimaiyyətin diqqətinə nitqin tanınması və bölgü texnologiyası təqdim edilmişdir.

Bu texnologiya bir mikrofona eyni cümləni müxtəlif dillərdə deyən iki insanın nitqini müvəffəqiyyətlə ayırd edə bilmişdir. Nitq bölgüsünün dəqiqliyi 90 faiz təşkil etmişdir. Lakin mikrofona eyni zamanda üç insan danışdıqda, nitq bölgüsünün dəqiqliyi 80 faizə qədər azalmışdır.  Sistemin işinin sınaqları yaxşı səs izolyasiyasıyla, mükəmməl şəraitdə keçirilmişdir. Belə şəraitdə sistem yüksək nəticələr göstərsə də, bu kimi digər qurğuların dəqiqliyi 50 faizi ötmür.

dailytechinfo.org saytının məlumatına görə, nitq bölgüsünün yüksək dəqiqliyi Deep Clustering texnologiyasından istifadə hesabına əldə edilmişdir. Bu sistem süni intellektin mövcud sistemlərinin əksəriyyətinin əsası olan dərin maşın təlimi texnologiyasının növlərindən biridir.

Yeni sistemin əsas üstünlüyü ondan ibarətdir ki, o, müəyyən insanın səsiylə işləmək üçün heç bir ilkin təlim və ya sazlama tələb etmir. İkincisi, onun işinin dəqiqliyi insanın hansı dildə danışdığından asılı deyil: “Biz bu texnologiyadan yüksək dəqiqliyin tələb olunduğu səsli mesajların tanınmasında istifadə edəcəyik”, – deyə şirkət mütəxəssisi bildirib. Bu da səsli idarəetməsi olan avtomobil, lift, məişət cihazları və digər elektron qurğularda aiddir.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.