Dünyanın ən böyük avtoistehsalçılarından olan yapon şirkəti “Toyota” uçan avtomobilinin konseptini təqdim edib. Avtokonsernin nümayəndələri 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya oyunlarının başlanğıcına kimi uçan avtomobilin tamqiymətli versiyasının çıxacağını bildiriblər. İdeya müəlliflərinin sözlərinə görə, bu avtomobil Olimpiadanın açılış mərasimində “iştirak etməli” olacaq.
hi-news.ru saytında bildirilir ki, öz ideyasının reallaşdırmaq üçün yaponlar Cartivator layihəsinə 42,5 milyon yapon yenası (təxminən 375 000 ABŞ dolları) sərmayə qoyublar. Toyota-nın uçan avtomobil layihəsi SkyDrive kod adını alıb. SkyDrive 4 rotor ilə təchiz edilmiş biryerli, üççarxlı nəqliyyat vasitəsini təqdim edir. Onun uzunluğu 1,3, eni isə 2,9 metrdir.
Əgər konseptdə əhəmiyyətli dəyişikliklər olmazsa, SkyDrive dünyada uçan ən kiçik avtomobil olacaq. Ənənəvi yollar üzrə hərəkət vaxtı avtomobil saatda 100 kilometr sürətlə gedə biləcək. 10 metr minimal hündürlükdə isə onun sürəti saatda 150 kilometrə bərabər olacaq. Pilotsuz təyyarələrlə oxşar konstruksiyaya malik SkyDrive şaquli uçuş və enmə sistemiylə də təchiz edilib.
Avtomobilin hazırlanması üçün istehsalçılar işə yalnız avtomobil istehsalı sferasından deyil, həm də aerokosmik sahədən mühəndislər cəlb etməyi planlaşdırırlar. Hazırda müəlliflər ideyanın gerçəkləşməsinə son dərəcə optimist yanaşaraq ən yaxın vaxtlarda ilk sınaq nümunəsini təqdim etməyi nəzərdə tuturlar. Bundan başqa, SkyDrive 2020-ci ildə Tokionun mərkəzi stadionunda Olimpiya oyunlarının açılışı zamanı məşəlin yandırılması üçün istifadə edilə bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.