Vikipediya saxta xəbərlərlə mübarizə aparır

26 Aprel 2017 - 11:53 | Maraqlı məlumatlar
Vikipediya saxta xəbərlərlə mübarizə aparır

Vikipediya açıq İnternet ensiklopediyasının banisi Cimmi Ueyls saxta və etibarlı olmayan xəbərlərlə mübarizə aparmaq məqsədilə yeni layihəyə start verir.

belta.by saytının məlumatına görə, əsas diqqət dərc edilən faktların yoxlanılması və mənbələr haqqında məlumatların toplanılmasına yönələcək. “İlk dəfə olaraq peşəkar jurnalistlər və adi vətəndaşlar birlikdə işləyəcək, hadisə haqqında onun baş verdiyi anda yazacaq, xəbərləri faktların yenidən yoxlanılması ilə məşğul olan cəmiyyətin dəstəyilə onlayn rejimdə redaktə edə biləcəklər”, – deyə Ueyls bildirib.

“Wikitribune” platformasında xəbər materialları və müxtəlif müsahibələrin təhlilləri yerləşdiriləcək. Jurnalistlərdən xəbərləri dərc etməzdən əvvəl informasiya mənbələrini (həmçinin audio faylları) təqdim etmək tələb olunacaq. Mətnlərin redaktəsi cəmiyyətin bütün üzvləri üçün əlçatan olacaq, lakin redaktə olunmuş variant ictimaiyyətə təqdim edilməzdən öncə moderatorlar tərəfindən yoxlanılacaq.

Ueyls qeyd edib ki, biznes-modeli aylıq ianələrə əsaslanan layihə hər kəs üçün ödənişsiz olacaq. Gələcəkdə vəsaitin toplanması üzrə kampaniyanın ən aktiv iştirakçıları jurnalistlərə maraqlı mövzular təklif edə biləcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.