AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov gündəlikdə duran məsələlər haqqında məlumat verdi. Seminarın AzScienceNet şəbəkəsində spamlarla mübarizə üsullarına həsr olunduğunu bildirdi.
Məruzəni təqdim edən AzScienceNet-in Data Mərkəzinin administratoru Tural Mustafayev reklam və ya digər məzmunlu məlumatlar olan spamların elektron poçt ünvanlarına kütləvi və anonim olaraq göndərildiyini söylədi.
T.Mustafayev spamların yaranma tarixi barədə məlumat verərək onların 1937-ci ildə “Hormel” şirkәti tәrәfindәn ticarәt markası kimi qeydiyyatdan keçirildiyini, 80-ci illərdə isə “Usenet” konfranslarında çox sayda reklam məzmunlu elektron ismarıcların yayılmağa başladığını bildirdi.
Sonra məruzəçi spamların geniş yayıldığı ölkələrin statistikası və spam məktubların qlobal e-poçt trafikində həcmini nümayiş etdirən qrafiki təqdim etdi.
O, həmçinin spamlarla mübarizə üsullarından söz açaraq bildirdi ki, onların yayılmasının qarşısını almaq üçün korporativ və ya şəxsi elektron poçt ünvanları kütləvi elan səhifələrində yerləşdirilməməli, şəxsi istifadə üçün nəzərdə tutulan və ya şübhəli xidmətlərdə qeydiyyatdan keçməməli, spam məktublar açılmamalı, o cümlədən ikiqat gizlilik şifrəsi və mümkün qədər mürəkkəb şifrələrdən istifadə olunmalıdır.
Sonda T.Mustafayev spamlarla mübarizə məqsədilə antispam və spam filter proqramlarının mövcud olduğunu söyləyərək bu proqramlardan istifadə qaydaları haqqında məlumat verdi.
Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.