İnstitutda Elmi Şuranın növbəti iclası keçirildi

01 Mart 2017 - 14:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələləri diqqətə çatdırdı.

İnstitutun Ümumi şöbəsinin müdiri Dinara Zeynalova 2017-ci ilin yanvar və fevral ayları üçün institut əməkdaşlarına verilmiş tapşırıqların icra vəziyyəti barədə məlumat verdi. O, tapşırıqlara əsasən, müxtəlif problemlərə həsr olunmuş elmi seminarların təşkili, elmi-praktiki konfransların keçirilməsi, aparılan araşdırmalarla bağlı icmalların hazırlanması və təqdim olunması, institutun doktorant və dissertantlarının dissertasiya işlərinin icra vəziyyəti, elmi tədqiqatların nəticələrinə dair məqalələrin hazırlanması və digər tapşırıqların yerinə yetirilməsi ilə bağlı məsələlərdən danışdı.

Sonra çıxış edən Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov rəhbərlik etdiyi şöbənin 2016-cı il üçün hesabatını təqdim etdi. Bildirdi ki, magistratura, doktorantura və dissertantura yolu ilə yüksəkixtisaslı elmi kadrların hazırlanması şöbənin əsas fəaliyyət istiqamətlərindəndir.

Məruzəçi hesabat ilində magistratura və doktoranturada təhsil proqramının həyata keçirildiyini, doktorant və dissertantların fərdi iş planlarının hazırlandığını və attestasiyasının keçirildiyini, eləcə də doktorluq imtahanları və magistrantların sessiya imtahanlarının təşkil edildiyini bildirdi. Qeyd etdi ki, gənc tədqiqatçıların elmi araşdırmalarının nəticələrinin nüfuzlu elmi jurnallarda çap olunmasına dəstək və tövsiyələrin verilməsi, magistrant, doktorant və dissertantların elmi fəaliyyəti və attestasiya nəticələrinin təhlili, monitorinqin aparılması və hesabatların hazırlanması, onların elmi fəaliyyətinin koordinasiya edilməsi və səmərəliliyinin artırılması üçün zəruri tədbirlər görülmüşdür. O, həmçinin institutun magistratura pilləsi üzrə tədris proqramlarını təqdim edərək onların təsdiqi haqqında məlumat verdi.

Sonda AMEA-da keçirilmiş dama və stolüstü tennis üzrə I Spartakiadanın qalibi olan institut əməkdaşları kollektivə təqdim edildi. Akademik R.Əliquliyev gəncləri təbrik edərək, onları institutun ictimai həyatında daha da fəal olmağa, müxtəlif səviyyəli idman yarışlarında iştirak etməyə  səslədi. 

Sonda məruzələr ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.