Yeni terminlər avtomatik müәyyәnləşdiriləcək

27 Fevral 2017 - 15:34 | Konfranslar, İclaslar
Yeni terminlər avtomatik müәyyәnləşdiriləcək

AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Əfruz Qurbanova Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi seminarda “Predmet sahəsinin terminlərinin semantik şəbəkəsinin avtomatik qurulması texnologiyaları” mövzusunda məruzə ilə çıxış edərək bu istiqamətdə aparılan tədqiqatların nəticələri, predmet sahəsinin terminləri arasında semantik əlaqələrin gücünün təyini və s. haqqında geniş məlumat verib.

Ə.Qurbanova bildirib ki, mətndə terminlər arasında semantik münasibətlərin tanınması vacibdir. Belə ki, onların köməyilə terminologiyanın semantik strukturu təsvir olunur. Semantik münasibətlər sözlər, ifadələr və ya cümlələrin mənaları arasında mövcud olan assosiasiyadır. Məruzəçi terminoloji sistemin qurulması zamanı verilmiş predmet sahəsinin terminləri arasında münasibətlərin nəzərə alınmasının vacibliyini vurğulayıb: “Terminlər sistemi deyərkən terminlərin strukturlaşdırılmış məcmusu və ya terminlər arasında semantik münasibətlərin mürəkkəb sistemi nəzərdə tutulur. Terminlər sisteminin təsviri terminlərin klassifikasiyası və onlar arasında münasibətlərin klassifikasiyası ilə sıx əlaqəlidir”.

Onun sözlərinə görə, termin və münasibətlərin bir neçə mürəkkəb klassifikasiyası tanınır. Daha ətraflı və dəqiq klassifikasiya informasiya axtarışı sisteminə istiqamətlənib və bilik haqqında məntiqi-fəlsəfi tədqiqatların birləşməsinin nəticəsi kimi ortaya çıxıb.

“Tədris prosesinin təşkili və həyata keçirilməsinə texnoloji yanaşma elmi və tədris mətn informasiyasının intellektual emalı prosesinin avtomatlaşdırılmasına imkan verən model və metodların işlənilməsini tələb edir”, – deyə bildirən məruzəçi bu istiqamətdə aparılan tədqiqatların nəticələrindən söz açıb. Qeyd edib ki, ali təhsil müəssisələrinin tədris prosesində istifadə olunan metodiki-tədris materiallarının mətnlərinin analizi aparılmış, tədris prosesini dəstəkləyən instrumental vasitələrin qurulması üçün ontoloji modelləşmədən istifadə əsaslandırılmış, predmet sahəsinin anlayışları arasında mümkün münasibətlərə baxılmışdır.

Sektor müdiri bildirib ki, ontoloji yanaşmadan istifadə predmet sahəsinin analiz edilməsi, onun anlayışlarının seçilməsi, bu anlayışlar arasında münasibətlərin təyin edilməsi və həmin münasibətlər nəzərə alınaraq məntiqi nəticənin qaydalarının riyazi təsvirini nəzərdə tutur. Predmet sahəsinin terminlərinin semantik şəbəkəsinin avtomatik qurulması metodu haqqında ətraflı məlumat verən Ə.Qurbanova mətnlərin avtomatik emalı məsələlərində semantik şəbəkələrdən istifadənin üstünlüklərindən bəhs edib.

Məruzəçi metodun təbii dil qanunauyğunluqları əsasında anlayış və terminlərin formalaşması zamanı semantik əlaqələrin strukturlaşdırılmasının avtomatlaşdırılmasına imkan verdiyini, bunun sayəsində predmet sahəsinin anlayışlar aparatının strukturunu aşkar şəkildə təsəvvür etməyin mümkün olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, terminlərin semantik şəbəkələrinin qurulmasının avtomatlaşdırılması korporativ biliklər bazasının yaradılması zamanı istifadə oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.