Prezident İlham Əliyevin 2013-cü ili “İKT ili” elan etməsilə bağlı Sərəncamı ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sahəsinin dinamik inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Sərəncama uyğun olaraq təsdiq edilmiş Tədbirlər Planının “Regionlarda İKT üzrə bilik və bacarıqların artırılması məqsədilə əhalinin müxtəlif qrupları üçün təlim kurslarının, seminarların keçirilməsi” bəndi ölkədə informasiya cəmiyyəti və insan potensialının inkişafı hədəflərinə xidmət edir. Həmçinin İKT-nin səmərəli tətbiqi ilə e-dövlət mühitinin formalaşdırılması və bu zəmində əhalinin bütün təbəqələri üçün İKT biliklərinin əldə edilməsinin təminini nəzərdə tutur.
Bu bənd çərçivəsində AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Firudin Ağayev, böyük elmi işçi Gülarə Məmmədova və proqramçı Könül Daşdəmirova 12-23 dekabr tarixlərində Göyçay rayonuna ezam olunublar. Kurslar Göyçay şəhər 3 və 5 saylı orta ümumtəhsil məktəbləri və internat məktəbində aparılıb. Tədris zamanı 44 müəllimə informatika üzrə nəzəri və praktiki biliklər aşılanıb.
3 mərhələdən ibarət olan layihənin sonuncu mərhələsində biliklərin sertifikatlaşdırılması və xüsusi test proqramı ilə qiymətləndirilməsi nəzərdə tutulur.
Layihənin məqsədi Göyçay rayonunda İKT sahəsində milli kadrların hazırlanması, ümumitəhsil müəssisələrində çalışan müəllimlərin müasir elmi-texniki biliklərinin artırılmasıdır.