“Thomson Reuters” elmi bazasının resurslarından səmərəli istifadə dünya elminə inteqrasiya baxımından mühüm əhəmiyyət kəsb edir

09 Yanvar 2017 - 12:46 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclası keçirildi. Tədbiri giriş nitqi ilə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev açaraq gündəlikdə duran məsələlər barədə məlumat verdi. 

Alim bu gün dünya səviyyəsində elmi araşdırmaların aparılması, elmi əsərlərin istinad indeksli jurnallarda dərci, bu sahədə beynəlxalq əlaqələrin qurulması, ümumilikdə  Azərbaycan elminin beynəlxalq elmi bazalarda təmsil olunmasının dünya elminə inteqrasiya baxımından mühüm əhəmiyyət kəsb edən məsələlərdən olduğunu bildirdi. İnstitut direktoru ölkə rəhbərliyinin beynəlxalq elektron elmi informasiya məkanına inteqrasiya istiqamətində ardıcıl, məqsədyönlü siyasət apardığını, bu siyasətə müvafiq olaraq Azərbaycan elminin dünyanın çağırışlarına uyğun olan problemlərlə məşğul olmasının önəmini vurğuladı.

R.Əliquliyev alimlərin mühüm elmi nəticələrinin təbliğində xüsusi rola malik olan elmi bazalarla əməkdaşlıq əlaqələrinin qurulmasının elmi-tədqiqat institutları qarşısında duran başlıca vəzifələrdən olduğunu söylədi. Qeyd etdi ki, son zamanlar AMEA-da bu məqsədlə “Thomson Reuters” kimi nüfuzlu təşkilatlarla əməkdaşlıq əlaqələri qurulur, elmi tədqiqatçılar üçün dəyərli informasiya mənbəyi olan bu kimi bazaların təcrübəsi, yüksək indeksli nəşrlərdə məqalələrə qoyulan tələblər və s. öyrənilir. Akademik “Thomson Reuters” elmi bazasının resurslarından səmərəli istifadə, alimlərin elmi fəaliyyətinin, məqalələrinin qiymətləndirilməsi, jurnallarda çap olunma texnologiyasının mənimsənilməsinin əhəmiyyətindən də danışdı.

Sonra “Thomson Reuters” Agentliyinin Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə “Thomson Reuters”in “Web of Science” xidmətlərindən istifadə haqqında məruzə ilə çıxış etdi. Bildirdi ki, “Web of Science” yüksək indeksli jurnalların, kitabların, konfrans materiallarının və digər nəşrlərin əhatəli toplusuna malik olan, dünyada elmi yeniliklər və təhlil üzrə qəbul edilən biliklər bazasıdır. Bu platforma təbiət, texniki, ictimai, humanitar elmlər və incəsənət üzrə materialları əhatə edərək axtarış, analiz və biblioqrafik informasiyanın idarə edilməsi sahəsində geniş imkanlara malikdir.

A.Babazadə “Web of Science” platformasında olan məlumat bazaları, bu platformanın açar kolleksiyası haqqında ətraflı məlumat verdi. Kolleksiyaya daxil olan 17 min jurnalın dünya üzrə ən nüfuzlu jurnallar siyahısına daxil olduğunu diqqətə çatdırdı.

O, həmçinin jurnalların seçilmə meyarları, açar kolleksiyasında istinadetmə prinsipi, impakt faktorun hesablanma qaydalarından söz açdı.

Sonda A.Babazadə 1994-2014-cü illər ərzində Azərbaycan, Gürcüstan, Qazaxıstan və Özbəkistanın alim və mütəxəssisləri tərəfindən nəşr olunmuş məqalələr, onların istinad indeksi, Azərbaycan alimlərinin məqalələrinin nəşr olunduğu elmi jurnallar və s. haqqında reytinq göstəricilərini təqdim etdi. 

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı. Müzakirələrdə institutun şöbə müdirləri – texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və digərləri iştirak etdilər. 

Tədbirdə, həmçinin bir sıra cari məsələlərə baxıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.