AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi institutlarının 2016-cı ili əhatə edən hesabat iclasında İnformasiya Texnologiyaları İnstitutunun hesabatı dinlənildi.
AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi elmi müəssisənin hesabatını təqdim etdi. İnstitutda 2016-cı il ərzində əldə olunmuş elmi nailiyyətləri diqqətə çatdıran alim informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində aparılan araşdırmaları diqqətə çatdırdı. Bildirdi ki, il ərzində institut əməkdaşları tərəfindən Big Data və Data mining, bulud (cloud) texnologiyaları, informasiya təhlükəsizliyi, biometrik texnologiyalar, informasiya cəmiyyəti, elektron tibb və elektron elmin formalaşması problemləri, kompüter şəbəkələri, e-kitabxana, informasiya iqtisadiyyatı, terminoloji informatika kimi prioritet istiqamətlər üzrə elmi-tədqiqat işləri aparılmış, əldə olunan nəticələr dünyanın nüfuzlu, impakt faktorlu jurnallarında çap olunmuşdur.
R.Əliquliyev institutda əldə olunmuş mühüm elmi nəticələrlə bağlı məlumatı tədbir iştirakçılarını məlumatlandırdı: “Cari ildə institutda mövcud hesablama resursları daxilində Big Data-nın klasterləşdirilməsi üçün yüksək hesablama məhsuldarlığına malik metod təklif olunmuş, mətnlərin optimal referatının yaradılması üçün riyazi model və adaptiv diferensial evolyusiya alqoritmi işlənmişdir. Həmçinin mətnlərin avtomatik referatlaşdırılması məqsədilə mətndən cümlələrin seçilməsi üçün çoxkriteriyalı optimallaşdırma modeli və onun həlli üçün insan təliminə əsaslanan optimallaşdırma alqoritmi işlənmişdir”.
İnstitut direktoru həmçinin buludların dinamik federallaşması üçün intellektual agentlər əsasında qeyri-səlis kollaborativ hibrid İntRep adlı reputasiya modelinin təklif edildiyini söylədi. Qeyd etdi ki, bulud texnologiyalarında hesablama resurslarının istifadəçilər arasında optimal paylanması alqoritmi işlənmiş, bu texnologiyaların yaddaş resurslarından səmərəli istifadə üçün metod təklif edilmişdir.
İnstitutda, habelə informasiya təhlükəsizliyi insidentlərinin emalı prosesinin kütləvi xidmət modeli işlənmiş və müxtəlif prioritetli insidentlərin emalının ehtimal xarakteristikaları müəyyən edilmişdir. Səs nümunələri əsasında dialektlərin avtomatik tanınması üçün akustik əlamətlər əsasında model, insanın irqi və etnik mənsubiyyətinin müəyyən olunmasında istifadə olunan həndəsi əlamətlərin qiymətlərinin əhəmiyyətlilik dərəcəsinin tapılması üçün alqoritm təklif edilmiş və digər istiqamətlərdə tədqiqatlar aparılmışdır.
Akademik elmi-innovasiya fəaliyyəti çərçivəsində institutun cari ildə iştirak etdiyi dövlət proqramları, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu, həmçinin Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən maliyyələşdirilən layihələr, dünyanın nüfuzlu jurnallarının redaksiya heyətində, beynəlxalq konfransların proqram komitələrində təmsilçilik və elmi ekspertiza fəaliyyəti, elektron elmin formalaşması üzrə praktiki fəaliyyət və s. barədə məlumat verdi. R.Əliquliyev AzScienceNet elm kompüter şəbəkəsi, Viki-Mərkəz, Multimedia Mərkəzi, Olimpia Mərkəzi və institutun www.ikt.az saytının fəaliyyəti barədə danışdı, eləcə də 2016-cı ildə institut tərəfindən yaradılmış veb-saytlar barədə məlumat verdi.
Alim institutun Tədris-İnnovasiya Mərkəzində AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirildiyini, AMEA-nın magistratura pilləsində təhsil alanlara ümumi və ixtisas fənlərinin tədrisi, respublika üzrə doktorant və dissertantlara “Elm informatikası” fənninin tədrisi və test imtahanlarının təşkilini və həyata keçirildiyini qeyd etdi. Alimin sözlərinə görə, AMEA-nın elmi müəssisələrində ixtisas imtahanlarının test üsulu ilə keçirilməsinə dəstək məqsədilə “Elektron Test Sistemi” yaradılmışdır. Mərkəzdə distant tədris prosesinin də həyata keçirildiyini bildirən akademik regionların doktorant və dissertantlarının “Elm İnformatikası” fənnindən doktorluq imtahanlarının İnternet üzərindən onlayn şəkildə həyata keçirildiyini diqqətə çatdırdı.
Beynəlxalq elmi əməkdaşlıq çərçivəsində görülən işlərdən söz açan R.Əliquliyev 10 beynəlxalq və 38 xarici təşkilatla əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirdi. Qeyd etdi ki, Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT təşkilatı ilə əməkdaşlıq əlaqələri cari ildə daha da genişləndirilmişdir. Hazırda institut assosiasiyaya daxil olan təşkilatlarla intensiv əməkdaşlıq edir, AzScienceNet şəbəkəsinin GEANT4 lahiyəsinə qoşulması istiqamətində işlər aparılır.
Alimin sözlərinə görə, hesabat ili ərzində institut əməkdaşları beynəlxalq və respublika səviyyəli konfranslarda 180 məruzə ilə iştirak etmiş, müxtəlif elmi jurnallarda 72 məqalə çap etdirmişlər. Onların elmi əsərlərinə cari ildə 470 istinad qeydə alınmışdır. Bundan əlavə, institutda 1 kitab və 4 ekspres-informasiya nəşr olunmuşdur.
R.Əliquliyev, həmçinin 2016-cı ildə institutda həyata keçirilən elmi-təşkilati fəaliyyət, institutun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülmüş işlər haqqında məlumat verdi. Bildirdi ki, institutun təşkilatçılığı ilə “Big Data: imkanları, multidissiplinar problemləri və perspektivləri”, “E-kitabxanaların formalaşması problemləri”, “Elektron tibbin multidissiplinar problemləri”, “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” (AICT 2016) , “Riyaziyyatın tətbiqi məsələləri və yeni informasiya texnologiyaları” konfransları keçirilmişdir.
İnstitut direktoru qeyd etdi ki, hesabat ilində institut əməkdaşları “World eBook Library” və “Global e-Journals Library” kimi elektron kitabxanalarından istifadə imkanı əldə etmişdir.
Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.