AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları konfransın işində iştirak ediblər
Dekabrın 15-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 25 illiyinə həsr olunmuş “Riyaziyyatın tətbiqi məsələləri və yeni informasiya texnologiyaları” mövzusunda III Respublika elmi konfransı keçirildi.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Sumqayıt Dövlət Universiteti və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransı giriş sözü ilə universitetin Elm və İnnovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov açdı. Konfransın əhəmiyyətindən danışan alim bildirdi ki, bu kimi tədbir keçirilməsi, elm adamlarının bir araya gələrək eyni mövzu ətrafında apardıqları müzakirələr bu sahədə biliklərin təkmilləşdirilməsi ilə yanaşı, milli təhsilimizin inkişafına da böyük töhfələr verəcək.
Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafında İKT-nin xüsusi rola malik olduğunu söyləyən R.Məmmədov qeyd etdi ki, bu gün dünyanı internet, yüksək texnologiyalar və qlobal rabitə imkanları olmadan təsəvvür etmək mümkün deyil. Son illər İKT-nin sürətlə inkişaf edərək bütün sahələrdə, o cümlədən gündəlik həyatda insan fəaliyyətinin, sosial-iqtisadi münasibətlərin tərkib hissəsinə çevrildiyini vurğulayan alim bu texnologiyaların cəmiyyətin hər bir üzvünə mövcud imkanlardan faydalanmağa şərait yaratdığını diqqətə çatdırdı.
Sonra AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevlə birgə həmmüəllifi olduğu “Yaşıl iqtisadiyyatın formalaşmasında İKT-nin rolu: problemlər, perspektivlər” mövzusunda məruzə ilə çıxış etdi.
“Optimal idarəetmə nəzəriyyəsinin inkişaf tarixi və aktual problemləri” mövzusunda məruzəni təqdim edən Bakı Dövlət Universitetinin İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının müdiri, professor Məmməd Yaqubov optimal idarəetmə məsələlərinin riyazi nəzəriyyəsinin XX əsrin 50-ci illərində yarandığını bildirdi. Alim, bu nəzəriyyə əsasında dayanan iki universal üsul haqqında məlumat verdi.
Respublikamızda optimal idarəetmə nəzəriyyəsinin riyazi məsələlərinin araşdırılmasının tarixi barədə danışan M.Yaqubov 1972-ci ildə keçirilmiş “Optimal idarəetmə və onun tətbiqlərinə dair ümumittifaq konfransı”nın nəticəsi olaraq ölkəmizdə Optimal idarəetmə məktəbinin yaradıldığını diqqətə çatdırdı.
Daha sonra konfrans işini bölmə iclaslarında davam etdirərək bu sahənin aktual problemlərinə həsr olunmuş məruzələr dinlənildi. İclasda AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları – iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyevin “Fəlakət risklərinin azaldılmasının idarə edilməsində İKT-dən istifadənin təsirliliyinin artırılması”, Təhmasib Fətəliyevin “Elektron elm və onun şəbəkə platforması AzScienceNet haqqında”, Roza Şahverdiyeva və Vüsalə Abbasovanın “Elmi-innovativ texnoparkların fəaliyyətinin müqayisəli qiymətləndirilməsi üzrə indikatorlar sisteminin işlənilməsi məsələləri”, Tamilla Bayramova və Könül Əliyevanın “Proqram mühəndisliyində istifadə olunan standartlar” mövzusunda məruzələri də dinlənildi. Həmçinin texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və texnika üzrə fəlsəfə doktoru Lyudmila Suxostatın “Kiber-fizika sistemlərinin təhlükəsizliyi məsələləri”, Kəmalə Haşımovanın “İnternet reklam marketinq məlumatlarının effektivliyinin hesablanması”, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova və Mərziyə İsmayılovanın “Böyük verilənlərin vizuallaşdırılmasının elmi-nəzəri problemləri” və digər əməkdaşların məruzələri konfrans iştirakçılarının böyük marağına səbəb oldu.
Konfrans öz işini 3 bölmə üzrə məruzələrin dinlənilməsi, müzakirə və təkliflərin səsləndirilməsi ilə davam etdirdi. Qeyd edək ki, respublikanın 36 elmi müəssisə və təşkilatından 275 məqalə və tezisin təqdim olunduğu konfransın materialları toplu şəklində iştirakçılara təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.